14 iyul 2013 13:18
Nyanq vurdu, AZAL Rəvan üzərində qələbə qazandı
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Rəvan” növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi AZAL və "Qaradağ Lökbatan”la görüşlərdən sonra yenə AZAL ilə üz-üzə gəlib.
"Təyyarəçilər”lə ilk matç Şüvəlan qəsəbəsində baş tutmuşdusa, bu dəfə oyun "Bayıl stadionu”nda keçirilib.
Baş məşqçi Ramil Əliyev ilk dəqiqələrdən bu futbolçuları meydana buraxıb: Lukaş Sapela – Orxan Lalayev, Yovan Vidoviç, Şəhriyar Rəhimov (k), Yamin Ağakərimzadə - Ceyhun Cavadov, Miloş Adamoviç – Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev – Xuan Manuel Varea. İkinci hissədə isə Ramazan Abbasov ilə Cəmil Rəhimli meydana çıxıb.
Oyun “Rəvan”ın ərazi üstünlüyü ilə başlayıb. Topa sahibolmada rəqibi xeyli üstələyən "aslanlar” meydanboyu gözəl kombinasiyalar qurub. Amma heç cür son zərbəni vurmaq mümkün olmayıb. Elvin və Kamilin cəhdlərindənm sonra top "çərçivə”dən yan keçib. AZAL-ın əks-hücumları da ara-sıra təhlükəli alınıb. Sadəcə, Sapela da etibarlı oynayıb. Amma fasilədən dərhal sonra AZAL ani əks-hücum sonrası Əziz Korr Nyanq ilə hesabı açıb. Bu, həm də matçda vurulan yeganə qol olub.
Ümumiyyətlə, baş məşqçi Ramil Əliyev əsasən futbolçular arasındakı qarşılıqlı anlaşma səviyyəsini yüksəltmək, onları hər cür vəziyyətə alışdırmaq üçün yetirmələrinin mövqeyini tez-tez dəyişib. Bir sözlə, sırf yoxlama oyunu olduğu üçün müxtəlif taktiki gedişlər və müxtəlif futbolçuların ayrı-ayrı mövqelərə nə dərəcədə uyğunlaşdığı sınanılıb. Özü də nəzərə almaq lazımdır ki, hərbçilər arasında ilk dünya çempinatında sabah 3-cü yer uğrunda oynayacaq millimizin heyətindəki 6 futbolçu da “Rəvan”ın hazırlıqlarında iştirak etmir. İkinci yarıda meydana çıxan Ramazan Abbasov da həmin yığma komandanın üzvü olsa da, son oyunlarda az oynadığından baş məşqçi yetirməsinin formasını qorumağına yardım etməyə çalışıb.
