15 iyul 2013 12:41
Medalsız qaldılar, komandaya qoşuldular
İyulun 14-də Azərbaycanda keçirilən hərbçilər arasında futbol üzrə birinci dünya çempionatına yekun vuruldu. Azerisport.az xəbər verir ki, "hərbçilər”imiz 3-cü yer uğrunda oyunda Kot-Divuar komandası ilə görüşdü və 0:1 hesabı ilə yenildi.
Belədə medal qazanmaq arzusu da puç oldu. Bürünc medallar üzrə matçda "Rəvan”ın 5 futbolçusu da forma geyib. Nodar Məmmədov, Ramazan Abbasov, Novruz Məmmədov, Tofiq Mikayılov və Bəxtiyar Sultanov start heyətində yer alıb. İlk 4 futbolçu bütün oyunu meydanda olubsa, Bəxtiyar fasilədə əvəzlənib. “Rəvan”ın üzvlərindən yalnız Hüseyn Axundov oynamayıb ki, o, yarımfinalda qırmızı vərəqə aldığından cəzalı durumda idi.
Artıq hərbçilərdən ibarət yığma komandada yer alan “Rəvan”ın futbolçuları bu gün Sloveniyaya yollanacaq kollektivdə yer alacaq. Başqa sözlə, kollektiv tam şəkildə ilk dəfə məhz Avropanın adıçəkilən ölkəsində hazırlıq keçəcək.
