16 iyul 2013 19:07
Flavinyo: Neftçi ötən illə müqayisədə indi daha güclüdü
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Skenderbeu” klubuna qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli braziliyalı yarımmüdafiəçi bu gün oyun öncəsi keçirilən mətbuat konfransında bunları söyləyib:
“Güclü rəqiblə qarşılaşacağıq. Onların xüsusi ilə müdafiə xətti çox yaxşı təsir bağışlayır. Amma “Neftçi” də güclü komandadı. Hətta indi ötən illə müqayisədə daha güclü olduğumuzu deyərdim. Təcrübəmiz də artıb. Əlbəttə, Nikolas Kanalesin getməsi sözünü deyir. Necə də olmasa, ötən mövsüm 26 qol vurmuşdu. Amma “Neftçi” tək Kanalesdən asılı komanda deyil. Yeni gələnlər onu layiqincə əvəzləyəcəklər”.
