16 iyul 2013 19:36
Asif Məmmədov: Şanslar bərabərdi
Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində keçirilmiş Finlandiya “Mariehamn”ı ilə oyunda zədə almış “İnter”in yarımmüdafiəçisi Asif Məmmədov vəziyyəti ilə bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında həm də ikinci təsnifat mərhələsi çərçivəsində “Tromse” ilə baş tutacaq oyun haqqında fikirlərini bölüşüb:
“Komandayla məşq edirəm. Həkimlər də tez bir zamanda bərpa olmağım üçün əllərindən gələni edirlər. Hələlik ağrılar hiss edirəm və “Tromse” ilə oyunda meydana çıxacağımı bilmirəm. Özüm isə meydana çıxmağı çox istəyirəm. Lakin digər faktları da nəzərə almaq lazımdı.
Rəqibimiz fiziki keyfiyyətlərilə fərqlənir. Norveç klubunun heyətində hündürboylu futbolçular çoxdu. Onlar cinahlar vasitəsilə oyuna əsaslanan Britanya futbol tərzinə üstünlük verirlər. Amma hesab edirəm ki, bu rəqiblə oynamaq olar və qələbə qazanmaq da mümkündü. Komandaların şansı bərabərdi. Biz ilk görüşdə münasib nəticə əldə etməyə çalışmalıyıq”.
