16 iyul 2013 11:46
Simurq Olimpiakosla oyunun hazırlıqlarını yekunlaşdırdı
Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Simurq" ötən günü iki məşqlə tamamlayıb. Azerisport.az xəbər verir ki, səhər hazırlığında isinmə hərəkətlərindən sonra texniki təmrinlərə keçilib.
Qısa ötürmələr və toplu çalışmalardan sonra futbolçular mövqelərinə görə bölünərək məşqçilər korpusunun müxtəlif tapşırıqlarını yerinə yetiriblər. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Axşam saatlarında keçirilən məşq isə xüsusən sabahkı "Olimpiakos"la keçiriləcək yoldaşlıq görüşünə hazırlıq məqsədi daşıyıb. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına yığaraq onlarla qısa söhbət edib. Daha sonra futbolçular iki qrupa bölünərək həndbol oynayıblar. Bundan sonra isə taktiki təmrinlər yerinə yetirilib. Qrup halında "kvadrat" oynadıqdan sonra isə cinahlardan hücumların təşkilinə keçilib. Cərimə meydançasına asmalar üzərində məşq edilib. Hazırlığın sonunda baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında cərimə zərbələrindən müxtəlif ev tapşırıqları hazırlanıb.
Bununla "Simurq" Avstriyadakı üçüncü hazırlıq gününü tamamlayaraq istirahətə çəkilib. Bu gün komanda Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Zaqatala klubunun rəqibi Yunanıstanın son çempionu "Olimpiakos" olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:30-da start götürəcək. (klub saytı)
