17 iyul 2013 00:15
Neftçi Çempionlar Liqasının yeni mövsümünə start verir
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də mübarizəyə məhz bu mərhələdən qoşulacaq.
Komandamız ilk cəhdində Albaniya çempionu “Skenderbeu”nu mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son üç mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Komanda son mövsümdə keçirdiyi 26 oyunda 18 qələbə qazanıb, 4 heç-heçə edib, 4 dəfə məğlub olub və 58 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayıb (top fərqi – 43-14). “Skenderbeu” ilk çempionluğunu 1933-cü ildə qazanıb və ondan sonra 74 il birinciliyə həsrət qalıb. “Neftçi”nin rəqibi 1976, 2005 və 2007-ci illərdə Albaniya birinci divizionunun, 1958, 1965, 1976 və 2012-ci ölkə kubokunun, 2011 və 2012-də isə Super Kubokun qalibi olub.
“Skenderbeu” futbol klubu 1909-cu ilin 15 aprelində Albaniyanın Korçe şəhərində siyasətçi və şair Hile Mosi tərəfindən “Vllazeriya” adı altında yaradılıb. Klub 1925-ci ildə “Skenderbeu” adlandırılıb. “Neftçi”nin rəqibi Albaniyanın tarixi qəhrəmanı Skanderbeqin (İsgəndər bəy) adını daşıyır.
“Skenderbeu” Çempionlar Liqasında heç vaxt mərhələ adlaya bilməyib. 2011/12 mövsümündə APOEL-ə hər iki oyunda uduzan (0:2, 0:4) komanda ötən mövsüm ilk oyunda yendiyi (1:0) “Debrecen”ə cavab matçında uduzub (0:3).
Klubun prezidenti Ardian Takay, baş məşqçisi Mirel Yosadı. “Skenderbeu”nun heyətində Albaniya yığmasının üzvləri çıxış edir. Komandada həmçinin xeyli legioner futbolçu da top qovur. “Neftçi”nin rəqibi ev oyunlarını Korçe şəhərindəki 12 min azarkeş tutumuna malik “Skenderbeu” stadionunda keçirir.
“Skenderbeu” “Neftçi” ilə oyunlar üçün UEFA-ya bu heyəti sifariş edib:
Qapıçılar: 1. Orges Şehi, 12. Eryon Lapanyi;
Müdafiəçilər: 3. Renato Arapi, 4. Endrit Vrapi, 15. Ditmar Biçay, 20. Ademir Souza, 33. Marko Radaş, 78. İvan Qvozdenoviç;
Yarımmüdafiəçilər: 8. Nurudin Orelesi, 14. Leonit Abazi, 17. Gilman Lika, 18. Dorian Kerçiku, 19. Bakari Nimaga, 23. Jeliko Tomiç, 31. Jetmir Sefa, 88. Sabien Lilay;
Hücumçular: 2. Amarildo Dimo, 7. Erbim Faqu, 9. Mario Morina, 10. Bledi Şkembi, 11. Muzafer Eyupi, 22. Pero Pejiç, 24. Artnand Tahirllari.
Müdafiəçilər: 3. Renato Arapi, 4. Endrit Vrapi, 15. Ditmar Biçay, 20. Ademir Souza, 33. Marko Radaş, 78. İvan Qvozdenoviç;
Yarımmüdafiəçilər: 8. Nurudin Orelesi, 14. Leonit Abazi, 17. Gilman Lika, 18. Dorian Kerçiku, 19. Bakari Nimaga, 23. Jeliko Tomiç, 31. Jetmir Sefa, 88. Sabien Lilay;
Hücumçular: 2. Amarildo Dimo, 7. Erbim Faqu, 9. Mario Morina, 10. Bledi Şkembi, 11. Muzafer Eyupi, 22. Pero Pejiç, 24. Artnand Tahirllari.
Heyətinə nəzər saldıqda, rəqib o qədər də qorxulu təsir bağışlamır. Yəni düşünmək olar ki, daha güclü heyətə malik “Neftçi” bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq. Amma Albaniya çempionuna çox yuxarıdan aşağı baxmaq komandamıza baha başa gələ bilər. Həm də rəqibin böyük bir üstünlüyü var. Bu da Albaniya təmsilçisinin cavab matçını səfərdə keçirəcəyi halda, həlledici görüşə doğma azarkeşlərinin gözü önündə çıxmasıdı. Belə olan halda albanlar səfərdə qənaətbəxş nəticə qazanıb, cütün taleyini doğma divarlar arasında həll etməyə çalışacaqlar.
Lakin buna baxmayaraq, “Neftçi” bu rəqibini keçməyə borcludu. Ona görə yox ki, rəqib Azərbaycan çempionundan qat-qat zəifdi. Sadəcə, “ağ-qaralar” ötən avrokuboklar mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış etməklə hədəflərini daha da artırıb. Komandamız artıq bu mövsüm ÇL-in qrup mərhələsinə düşmək məqsədi güdür ki, bu yolda “Skenderbeu” “Neftçi” üçün ciddi əngəl olmamalıdı. Hər hansı uğursuzluq isə azarkeşlər tərəfindən qətiyyən normal qarşılanmayacaq.
Üstəlik, bu rəqibini keçəcəyi halda Böyükağa Hacıyevin komandası daha bir əlavə üstünlük qazanacaq. Belə ki, “Neftçi” ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa belə, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Belə fürsəti dəyərləndirməmək isə təbii ki, günah olar.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan təmsilçisi ilə ilk rəqibi arasında böyük səviyyə fərqi də var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Belə ki, “Neftçi” “Skenderbeu”nu 93 pillə qabaqlayır. Hazırda flaqman 197-ci, rəqib isə 290-cı pillədə yer alıb.
Belə bir rəqiblə qarşılaşan komandamız hər şeyə elə Bakıdakı ilk oyunda aydınlıq gətirməyə çalışmalıdı. Çünki “Skenderbeu” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar” qol buraxmamaq şərtilə rəqibinə mümkün qədər çox qol vurmalıdı. 2 və ya daha çox qolla qalib gələcəyi halda, “Neftçi”nin mərhələ adlamaq şansının yüksək olacağını indidən proqnozlaşdırmaq olar.
Paytaxt təmsilçisinin yeni avrokuboklar mövsümünə ciddi hazırlaşdığını da demək olar. Məsələ burasındadı ki, komandamız iyunun 20-dən Avstriyada təlim-məşq toplanışında idi. Bu müddət ərzində “Neftçi” məşqlərlə yanaşı bir neçə yoxlama matçında da qüvvəsini sınadı. Baxmayaraq ki, həmin görüşlərdə nəticələr o qədər də uğurlu sayıla bilməz. Amma sınaq matçlarında nəticənin önəmli olmadığını nəzərə alsaq, hazırlığın komandamız üçün tam faydalı keçdiyini demək olar.
Düzdü, “Neftçi” bu yay ciddi itki ilə də üzləşdi. Belə ki, komandanın son mövsümdəki bombardiri Nikolas Kanales Azərbaycan çempionu ilə yollarını ayırdı. Amma onun əvəzinə yeni futbolçular alınıb. Nicat Qurbanov “Simurq”dan icarədən qayıdıb, Braziliyanın “Vitoria” klubundan müdafiəçi Karlos Kardoso, Hollandiyanın “Nijmegen” klubundan hücumçu Melvin Platye, Latviyanın “Metallurg” (Liepaya) klubundan qapıçı Pavel Doroşev alınıb. Belçikanın “Kortrijk” klubunun hücumçusu Ernest Nforun da keçidi artıq rəsmiləşmək üzrədi. Baxmayaraq ki, istənilən halda yeni transfer olunanların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac duyulur. Amma “Neftçi”nin əsas heyəti qoruyub saxlaması müsbət nəticəyə ümid etməyə imkan verir.
Qeyd edək ki, komandamız ÇL üçün UEFA-ya aşağıdakı heyəti sifariş edib:
Qapıçılar: 1. Pavel Doroşev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 20. Slavik Alxasov, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Melvin Platye, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.125 reytinq xalı var ki, onun da 1.250 xalı cari mövsümdə qazanılıb. Bundan 0.500 xal “Qarabağ”ın, 0.375 xal “İnter”in, 0.375 xal isə “Xəzər Lənkəran”ın payına düşür.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
17 iyul
21:00. Neftçi – Skenderbeu
Baş hakim: Leontis Trattu (Cənubi Kipr)
Bakı. “Bakcell Arena”.
