16 iyul 2013 14:17
Bakı Udinese ilə oynamaq üçün İtaliyaya gedir
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün toplanış çərçivəsində növbəti sınaq matçına çıxır.
Serbiyalı baş məşqçi Milinko Pantiç komandasını həmyerliləri ilə oyunda sınayacaq. Belə ki, “Bakı” Serbiyanın “Donji Srem” klubu ilə üz-üzə gələcək.
Lakin “zolaqlılar” daha bir neçə sınaq matçı keçirməyi planlaşdırırlar. Buna qədər daha çox zəif klublarla üz-üzə gələn komanda son oyunlarında güclü rəqiblərlə qarşılaşmaq istəyir. Pantiçin komandası hazırda İtaliyanın “Udinese” və Türkiyənin “Buraspor” klubları ilə danışıqlar aparır. İtaliya klubu ilə ilkin danışıqlara əsasən “Udinese” ilə oyun iyulun 21-də məhz sözügedən ölkədə keçirilə bilər.
Maraq üçün xatırladaq ki, “Bakı” bundan öncə Avstriyada yerli “Hermagor”u 4:1, “Penik” klubunu 8:0 hesabıyla darmadağın edib. SPİNS-lə qarşılaşma isə 2:1 hesablı qələbə ilə başa çatıb.
