16 iyul 2013 15:04
“Bu həftə Qarabağ və Neftçi naminə səfərbər olmalıyıq”
Azərbaycan çempionu “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu həftə baş tutacaq avrokubok oyunları ilə əlaqədar azarkeşlərə növbəti dəfə müraciət edib. Azerisport.az sizi həmin müraciətlə tanış edir:
“Vaxtdı. Səfərbərlik vaxtı. Qarabağ naminə səfərbərliyimiz baş tutacaq. Geci-tezi var. Amma bu həftə “Qarabağ” və “Neftçi” naminə səfərbər olmalıyıq. “Qarabağ”lısı, “Neftçi”lisi, “Xəzər Lənkəran”lısı, “Kəpəz”lisi, “Turan”lısı, “İnter”lisi, “Simurq”lusu, “Bakı”lısı, “Qəbələ”lisi, “Sumqayıt”lısı... Futbol azarkeşi olmayanı belə. Fərq etməz. Qarabağ naminə döyüşdə həmrəy olacağımıza kimsə şübhə etmir. Amma hələlik həmrənglik zamanıdı. 3 rənglilik. Mavi, qırmızı, yaşıl. Odu ki, Azərbaycan naminə hamı stadionlara! Bu həftə “Neftçi” və “Qarabağ”ı, 1 həftə sonra isə “Xəzər Lənkəran” və “İnter”i tək qoymayaq. Avrokuboklarda uğuru sizin dəstəyiniz olmadan qazanmaq mümkün deyil”.
