17 iyul 2013 11:07
Simurq Yunanıstan klubu ilə bacarmadı (FOTOREPORTAJ)
Avstriyada təlim-məşq toplanışı keçən "Simurq" ötən gün ilk yoldaşlıq görüşünü keçirdi. Azerisport.az xəbər verir ki, komandamız son Yunanıstan çempionu "Olimpiakos"la üz-üzə gəlib.
Qarşılaşmanın ilk dəqiqələri Zaqatala təmsilçisi üçün çətin keçib. Rəqib müdafiə xəttində buraxılan səhvdən istifadə edərək oyunda hesabı açıb. Bundan sonra özünə gələn "sarı-qaralar" status-kvonu bərpa etmək üçün hücuma atılıb. İlk hissənin sonlarına yaxın bunun üçün gözəl imkan əldə edilib. Orxan Səfiyaroğlunun cinah ötürməsindən sonra "Olimpiakos"un müdafiəçisi cərimə meydançasında topa əllə toxunub və qarşılaşmanın baş hakimi penalti nöqtəsini göstərib. Ancaq Taqim Novruzov bunun dəqiq yerinə yetirə bilməyib. İlk hissə yunan klubunun üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra Zaqatala təmsilçisi hesabı bərabərləşdirməyi bacarıb. Künç zərbəsindən sonra Dilaver Zrnanoviç topu qapıdan keçirib. Ancaq rəqib üstünlüyü əldən verməyib və az sonra yenidən hesabda irəli keçib. Bundan sonra isə "Simurq"un hücumları heç bir fayda verməyib və qarşılaşma Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək "Olimpiakos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yeni mövsümə hazırlığı davam etdirən Zaqatala təmsilçisi Avstriyada daha üç yoldaşlıq görüşündə gücünü sınaqdan keçirəcək.
