19 iyul 2013 00:07
Qurban Qurbanov: Növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız var
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Piast” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Bu gün biz yaxşı futbol sərgiləməyə çalışdıq. Futbolçularımızın xüsusilə hava toplarında çox yaxşı mübarizə apardığını qeyd edərdim. Əksər təkbətək mübarizələrdən qalib ayrılırdılar. Səhv buraxmamağa çalışırdıq. Lakin təəssüf ki, oyunun əvvəlində belə bir səhvə yol verdik və qol buraxdıq. Amma hesab edirəm ki, bizim növbəti mərhələyə adlamaq üçün yaxşı şansımız var. Komandam xarakter göstərdi. Bunu ayrı-ayrılıqda hər bir futbolçuya da şamil edərdim. Cavab oyununa ciddi hazırlaşacağıq. Rəqib öz meydanında daha keyfiyyətli oyun sərgiləməyə çalışacaq. Biz isə daha aqressiv oynamalıyıq”.
“Hərdən biz elə hesab edirik ki, hücumçu ancaq qol vurmalıdı. Amma unutmaq lazım deyil ki, futbolçulara meydanda başqa tapşırıqlar da verilir. İndi yaxşı hücumçu tapmaq çox çətindi. Biz isə daha çox komanda oyununa üstünlük veririk. Növbəti oyunlarda müdafiəçilərimiz, yarımmüdafiəçilərimiz də qol vura bilərlər. “Piast”a gəlincə, onlar heç bir sürpriz göstərmədilər. Bilirdik ki, bu, güclü komandadı. Rəqib komandanın xüsusi olaraq müdafiə və yarımmüdafiə xəttini qeyd etmək istərdim. Mümkündü ki, onlar ilk yarıda yaxşı oynadılar. Amma indi rəqibi üzərində 90 dəqiqə üstün futbol sərgiləyən hansısa komanda yoxdu. Futbolçularımın birinci hissədə “yatdığını” düşünmürəm”.
Qurbanov daha sonra bunları qeyd edib: “Bu gün biz “Piast”ın əksər hücumlarının qarşısını ala bildik. Amma onlar daha çox əks-hücumlara üstünlük verirdilər. Bu, çox ağır olur. Şadam ki, qoldan sonra futbolçularımız ruhdan düşmədilər. Onlar sona qədər mübarizə apardılar. Fikrimcə, “Piast” Azərbaycan çempionatında çempionluq uğrunda mübarizə apara bilər. Cavab matçında biz daha çox pressinqlə oynamalıyıq”.
“Qarabağ”ın çalışdırıcısı hakimlikdən də şikayətlənib: “Mən heç vaxt hakimlikdən danışmıram. Amma bu oyunu idarə edən referinin səhvləri oldu. Bəzi anlarda hətta özümü saxlaya bilmirdim. Məsələn, o, Reynaldoya sarı vərəqə verməməli idi. Braziliyalı futbolçu topa oynamışdı”.
Qurbanov Nikolas Gelaşvilidən də danışıb: “O, hələ komandaya tam uyğunlaşmayıb. Tam uyğunlaşadan sonra daha yaxşı oynayacaq. Özü də bu, təkcə Gelaşviliyə yox, bütün yeni futbolçulara aiddi”.
