19 iyul 2013 02:10
Toşak: Bu hesabla məğlub olmaqla hələ yaxşı qutardıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrailin “Maccabi” (Hayfa) klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Matç haqqında danışmaq mənim üçün çox ağırdı. Çox məyusam. Futbolçularımı tanıya bilmədim. Biz ötürmələrdə çoxlu səhvlərə yol verdik və belədə rəqib daha çox üzərimizə gəlməyə başladı. Məncə, bu hesabla məğlub olmaqla hələ yaxşı qutardıq. Düzdü, ilk hissədə yaxşı təsir bağışladıq. Rəqibin hücumlarının qarşısını almağı bacardıq. Amma ikinci yarıda bərbad bir oyun sərgilədik. Nildo və Tounkara real qol şanslarını boşa verdilər. Biz bir top vurmaqla cavab oyununa böyük üstünlük əldə edəcəkdik. Bununla belə, hələ heç nə bitməyib. Biz Azərbaycan kubokunun yarımfinal qarşılaşmasının ilk oyununda da belə zəif təsir bağışlamışdıq. Amma Lənkəranda cavab oyununda əsaslı dönüş edib finala adladıq. Nəticəyə görə “Xəzər Lənkəran” azarkeşlərindən üzr istəyirəm".
