19 iyul 2013 02:59
Rəvan Sloveniyada özünə daha bir rəqib tapdı
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” çalışmalarına ara vermir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, gündə 2 dəfə məşq edən komandada bu qrafik yalnız oyun günləri pozulur.
Artıq ilk yoxlama oyununda "Aluminij”lə 1:1 oynayan "Rəvan” bu gün ikinci hazırlıq matçını keçirəcək.
Xəbər verdiyimiz kimi, minimum 3 oyunun keçirilməsi dəqiqləşmişdi. Dördüncü görüş üçün isə danışıqlar gedirdi. Artıq danışıqlar uğurla nəticələnib və komanda bu gün Sloveniya toplanışı ərzində ikinci oyununu keçirəcək. Rəqib isə Serbiya Super Liqasının təmsilçisi "Donji Srem” olacaq. Hansı ki, bu komanda bir neçə gün öncə Avstriada “Bakı”ya 4:1 hesabıyla qalib gəlmişdi.
1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donji Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadı. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdü. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donji Srem” həm də feyr-pley mükafatının sahibi olub.
Qeyd edək ki, Serbiya təmsilçisi ilə oyun Slovenqradda baş tutacaq və yerli vaxtla saat 18:00-da başlayacaq.
