20 iyul 2013 01:35
Rəvan Bakını darmadağın edən kluba uduzdu (YENİLƏNİB)
Yeni mövsümə hazırlığın ikinci mərhələsini Sloveniyada keçirən "Rəvan” sözügedən ölkədə ikinci sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ramil Əliyev yetirmələrini bu dəfə Serbiya Super Liqasında mübarizə aparan “Donji Srem” klubu ilə görüşdə sınayıb.
1927-ci ildə "Borats Peçintsi” adı altında yaradılan, sonradan adını "Donji Srem”ə dəyişən komanda 2009-cu ildən inkişafdadı. Bunun da məntiqi nəticəsi olaraq kiçik Peçintsi rayonunun komandası hazırda Serbiya elitasının üzvüdür. Son mövsümü 16 komanda arasında 11-ci sırada bitirən "Donji Srem” həm də feyr-pley mükafatının sahibi olub. Bu komanda cəmir bir neçə gün öncə Avstriyada “Bakı” ilə də yoxlama oyunu keçirmiş və 4:1 hesabıyla qalib gəlmişdi.
"Rəvan" isə bu komanda ilə bərabər səviyyəli mübarizə aparıb. Amma ilk yarıdan sonra baş məşqçi Ramil Əliyevin heyəti demək olar, büsbütün dəyişməsi, yerli hakimin ilk qolda “Rəvan”ın qapısına olmayan penalti təyin etməsi hesaba və oyuna birbaşa təsir edib. Müdafiədəki fərdi səhvdən sonra rəqibin ikinci qolu vurması isə matçda son nöqtəni qoyub.
Xatırladaq ki, “Rəvan”ın Sloveniyadakı ilk rəqibi yerli “Aluminij” klubu olmuşdu – 1:1.
Yoxlama oyunu
19 iyul
Rəvan – Donji Srem – 0:2
