22 iyul 2013 00:55
Maccabi Lənkəranda xüsusi qorunacaq
İsrailin “Maccabi” (Hayfa) klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri cavab matçı üçün təşrif buyuracaqları Lənkəranda xüsusi şəkildə qorunacaq. Azerisport.az xəbər verir ki, İranın Lənkərana coğrafi cəhətdən yaxınlığı israilliləri ehtiyatlandırır.
Çünki bu iki ölkə arasındakı münasibətlər o qədər də yaxşı deyil. Bu üzdən “Maccabi” ilə yanaşı Lənkərana 11 xüsusi təhlükəsizlik işçisi gələcək. Komanda səfərə çarter reysi ilə yollanacaq. İsraillilər həmçinin təhlükəsizliyi birgə təşkil etmək üçün Lənkəran polisi ilə razılıq da əldə edib.
Qeyd edək ki, bu komandalar arasında Hayfada keçirilən ilk görüşdə İsrail təmsilçisi 2:0 hesabıyla qalib gəlmişdi. Cavab matçı isə iyulun 25-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
