21 iyul 2013 14:54
Fenerbahçe klubunun idarə heyəti Lənkəran stadionunda
“Xəzər Lənkəran”la yoldaşlıq oyunu keçirmək üçün ölkəmizə gələn Türkiyənin “Fenerbahçe” klubu dünən axşamdan artıq Lənkərandadı. Azerisport.az xəbər verir ki, Türkiyə klubunu gətirən təyyarə dünən axşam 21:20-də Lənkəran Beynəlxalq Hava Limanına enib və nümayəndə heyəti hava limanından birbaşa məskunlaşacaqları otellərə yollanıb.
Bu gün isə “Fenerbahçe” klubunun baş məşqçisi Ərsun Yanal və klubun idarə heyəti Lənkəran stadioununda olublar. Qonaqlar qazonun durumuna nəzər yetirdikdən sonra media nümayəndələri üçün ayrılmış tribuna, soyunub-geyinmə otaqları, konfrans zalı və futbolçuların qaldıqları baza ilə tanış olublar. Gördükləri mənzərədən məmnunluq ifadə edən qonaqlar daha sonra “Xəzər Lənkəran” muzeyi ilə tanış olublar. Mətbuat katibi Hüseyn Cəbrayıloğlu qonaqlara klubun tarixi ilə bağlı məlumatları əks etdirən foto-kadrlar haqqında ətraflı məlumat verib.
“Fenerbahçe” klubunun baş məşqçisi Ərsun Yanal muzeyin fəxri qonaqlar üçün ayrılmış xatirə kitabına öz qeydlərini edib və idarə heyəti ilə birgə “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakı iş otağını ziyarət edib. Buradan isə qonaqlar “Palsüd” zavoduna gedərək zavodun iş şəraiti ilə tanış olublar.
