23 iyul 2013 00:36
Neftçi: davam, ya tamam?
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də cari mövsümdəki ikinci rəsmi matçına çıxacaq.
Komandamız ilk cəhdində Albaniya çempionu “Skenderbeu”nu mübarizədən kənarlaşdırmalıdı. Hansı ki, “Neftçi” kimi, bu komanda da son üç mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Komanda son mövsümdə keçirdiyi 26 oyunda 18 qələbə qazanıb, 4 heç-heçə edib, 4 dəfə məğlub olub və 58 xalla ən yaxın izləyicisini 6 xal qabaqlayıb (top fərqi – 43-14). “Skenderbeu” ilk çempionluğunu 1933-cü ildə qazanıb və ondan sonra 74 il birinciliyə həsrət qalıb. “Neftçi”nin rəqibi 1976, 2005 və 2007-ci illərdə Albaniya birinci divizionunun, 1958, 1965, 1976 və 2012-ci ölkə kubokunun, 2011 və 2012-də isə Super Kubokun qalibi olub.
“Skenderbeu” futbol klubu 1909-cu ilin 15 aprelində Albaniyanın Korçe şəhərində siyasətçi və şair Hile Mosi tərəfindən “Vllazeriya” adı altında yaradılıb. Klub 1925-ci ildə “Skenderbeu” adlandırılıb. “Neftçi”nin rəqibi Albaniyanın tarixi qəhrəmanı Skanderbeqin (İsgəndər bəy) adını daşıyır.
“Skenderbeu” Çempionlar Liqasında heç vaxt mərhələ adlaya bilməyib. 2011/12 mövsümündə APOEL-ə hər iki oyunda uduzan (0:2, 0:4) komanda ötən mövsüm ilk oyunda yendiyi (1:0) “Debrecen”ə cavab matçında uduzub (0:3).
Klubun prezidenti Ardian Takay, baş məşqçisi Mirel Yosadı. “Skenderbeu”nun heyətində Albaniya yığmasının üzvləri çıxış edir. Komandada həmçinin xeyli legioner futbolçu da top qovur. “Neftçi”nin rəqibi ev oyunlarını Korçe şəhərindəki 12 min azarkeş tutumuna malik “Skenderbeu” stadionunda keçirir.
“Skenderbeu” “Neftçi” ilə oyunlar üçün UEFA-ya bu heyəti sifariş edib:
Qapıçılar: 1. Orges Şehi, 12. Eryon Lapanyi;
Müdafiəçilər: 3. Renato Arapi, 4. Endrit Vrapi, 15. Ditmar Biçay, 20. Ademir Souza, 33. Marko Radaş, 78. İvan Qvozdenoviç;
Yarımmüdafiəçilər: 8. Nurudin Orelesi, 14. Leonit Abazi, 17. Gilman Lika, 18. Dorian Kerçiku, 19. Bakari Nimaga, 23. Jeliko Tomiç, 31. Jetmir Sefa, 88. Sabien Lilay;
Hücumçular: 2. Amarildo Dimo, 7. Erbim Faqu, 9. Mario Morina, 10. Bledi Şkembi, 11. Muzafer Eyupi, 22. Pero Pejiç, 24. Artnand Tahirllari.
Heyətinə nəzər saldıqda, rəqib o qədər də qorxulu təsir bağışlamır. Yəni düşünmək olar ki, daha güclü heyətə malik “Neftçi” bu rəqibini asanlıqla mübarizədən kənarlaşdıracaq. Amma Albaniya çempionuna çox yuxarıdan aşağı baxmaq komandamıza baha başa gələ bilər. Hansı ki, Bakıda keçirilən ilk oyun bunu əyani şəkilə sübut etdi. Hər kəs komandamızın böyük hesabla qələbə qazanacağını gözlədiyi halda, Böyükağa Hacıyevin yetirmələri rəqib qapısına heç bir qol da vura bilmədi. Bu üzdən “ağ-qaralar” işini xeyli çətinləşdirmiş oldu.
Artıq rəqibin böyük bir üstünlüyü var. Bu da Albaniya təmsilçisinin cavab matçını doğma azarkeşlərinin gözü önündə keçirməsidi. Şübhəsiz ki, indi albanlar doğma meydanda qapılarını toxunulmaz saxlamaq şərtilə mütləq qələbə qazanmağa çalışacaqlar.
Lakin buna baxmayaraq, “Neftçi” bu rəqibini keçməyə borcludu. Ona görə yox ki, rəqib Azərbaycan çempionundan qat-qat zəifdi. Sadəcə, “ağ-qaralar” ötən avrokuboklar mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış etməklə hədəflərini daha da artırıb. Komandamız artıq bu mövsüm ÇL-in qrup mərhələsinə düşmək məqsədi güdür ki, bu yolda “Skenderbeu” “Neftçi” üçün ciddi əngəl olmamalıdı. Hər hansı uğursuzluq isə azarkeşlər tərəfindən qətiyyən normal qarşılanmayacaq.
Üstəlik, bu rəqibini keçəcəyi halda Böyükağa Hacıyevin komandası daha bir əlavə üstünlük qazanacaq. Belə ki, “Neftçi” ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olsa belə, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq fürsəti əldə edəcək. Belə fürsəti dəyərləndirməmək isə təbii ki, günah olar.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan təmsilçisi ilə ilk rəqibi arasında böyük səviyyə fərqi də var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Belə ki, “Neftçi” “Skenderbeu”nu 93 pillə qabaqlayır. Hazırda flaqman 196-cı, rəqib isə 289-cu pillədə yer alıb.
Belə bir rəqiblə qarşılaşan komandamız hər şeyə elə Bakıdakı ilk oyunda aydınlıq gətirməyə borclu idi. Lakin bu şansı əldən verən və işini daha da çətinə salan Hacıyevin yetirmələri indi bu vəzifənin öhdəsindən rəqib meydanında gəlməlidi. Düzdü, “Skenderbeu” doğma divarlar arasında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. Bu üzdən də “ağ-qaralar”ın işi daha da çətin olacaq.
Amma “Neftçi”nin də bu oyunda müəyyən üstünlüyü var. Bu, ondan ibarətdi ki, komandamız əgər səfərdə ən azı bir qol vursa, “Skenderbeu” mərhələ keçmək üçün iki top fərqi ilə üstün olmaq məcburiyyətində qalacaq. Azərbaycan çempionuna hətta heç-heçə də sərf edəcək. Odu ki, təmsilçimizin mərhələni keçəcəyinə hələ də ümidlər böyükdü. İni qalır “Neftçi”nin bu vəzifənin öhdəsindən gəlməsi.
Paytaxt təmsilçisinin yeni avrokuboklar mövsümünə ciddi hazırlaşdığını da demək olar. Komandamız iyunun 20-dən Avstriyada təlim-məşq toplanışında idi. Bu müddət ərzində “Neftçi” məşqlərlə yanaşı bir neçə yoxlama matçında da qüvvəsini sınadı. Baxmayaraq ki, həmin görüşlərdə nəticələr o qədər də uğurlu sayıla bilməz. Amma sınaq matçlarında nəticənin önəmli olmadığını nəzərə alsaq, hazırlığın komandamız üçün tam faydalı keçdiyini demək olar.
Düzdü, “Neftçi” bu yay ciddi itki ilə də üzləşdi. Belə ki, komandanın son mövsümdəki bombardiri Nikolas Kanales Azərbaycan çempionu ilə yollarını ayırdı. Amma onun əvəzinə yeni futbolçular alınıb. Nicat Qurbanov “Simurq”dan icarədən qayıdıb, Braziliyanın “Vitoria” klubundan müdafiəçi Karlos Kardoso, Hollandiyanın “Nijmegen” klubundan hücumçu Melvin Platye, Latviyanın “Metallurg” (Liepaya) klubundan qapıçı Pavel Doroşev, Belçikanın “Kortrijk” klubundan hücumçu Ernest Nfor alınıb. Yenilərlə yanaşı “Neftçi”nin yalnız Kanales istisna olmaqla əsas heyəti qoruyub saxlaması müsbət nəticəyə ümid etməyə zəmin yaradır.
Qeyd edək ki, komandamız ÇL üçün UEFA-ya aşağıdakı heyəti sifariş edib:
Qapıçılar: 1. Pavel Doroşev, 12. Emil Balayev, 30. Saşa Stamenkoviç;
Müdafiəçilər: 2. Karlos Kardoso, 3. Denis Silva, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə;
Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev;
Hücumçular: 8. Elşən Abdullayev, 11. Melvin Platye, 14. Bahodir Nasimov, 28. Emin Mehdiyev.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 9.500 reytinq xalı var ki, onun da 1.625 xalı cari mövsümdə qazanılıb. Bundan 0.750 xal “Qarabağ”ın, 0.375 xal “İnter”in, 0.375 xal “Xəzər Lənkəran”ın, 0.125 xal isə “Neftçi”nin payına düşür.
Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
23 iyul
23:00. Skenderbeu - Neftçi
Baş hakim: Pavel Gil (Polşa)
Korçe. “Skenderbeu” stadionu.
İlk oyun – 0:0.
