23 iyul 2013 15:57
UEFA-dan Neftçiyə müsbət cavab!
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçəvisində baş tutacaq Albaniya çempionu “Skenderbeu” ilə “Neftçi” arasında baş tutacaq cavab matçına Azərbaycan təmsilçisi qara sarğı ilə çıxacaq. Azerisport.az xəbər verir ki, artıq bu məsələyə UEFA tərəfindən də razılıq verilib.
Qeyd edək ki, bu gün – 23 iyul Ağdam rayonunun işğalının 20-ci illiyinə təsadüf etdiyindən “Neftçi” UEFA nümayəndələrinə müraciət edərək meydana qara sarğı ilə çıxmağı və matçdan öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Azərbaycan övladlarının xatirisinin bir dəqiqəlik sükutla yad olunmasına razılıq verilməsini xahiş etmişdi. Artıq bu müraciətə UEFA tərəfindən müsbət cavab verilib.
Beləliklə, “Neftçi” bu gün saat 23:00-da start götürəcək oyuna qara sarğı ilə çıxacaq. Həmçinin matçdan öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunacaq.
“Skenderbeu” – “Neftçi” matçının “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacağını da qeyd edək.
