23 iyul 2013 16:16
Skenderbeu UEFA-nın əmri ilə razılaşmır
Məlum olduğu kimi, bu gün Albaniyanın Korçe şəhərində yerli “Skenderbeu” klubu Azərbaycan çempionu “Neftçi” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək qarşılaşmanın öncə cəmi 3500 azarkeş tərəfindən izlənəcəyi bildirilirdi.
Qeyd edək ki, əslində bu oyunun keçiriləcəyi “Skenderbeu” stadionu 12 000 azarkeş tutumuna malikdi. Amma sözegedən arenanın tribunaları UEFA standartlarına cavab vermir. Bu üzdən hətta oyunun başqa arenada keçirilməsi ehtimalı yaranmışdı. Amma “Skenderbeu” rəhbərliyi qısa müddət ərzində stadionun bir neçə tribunasında 3500 nəfərlik yeni oturacaqlar quraşdırmağa nail oldular və UEFA bu üzdən fərqli qərar çıxarmadı. Amma qitə futbol qurumu digər bütün sektorların azarkeşlər üçün bağlı olmasını tələb edib.
“Skenderbeu” rəhbərliyi isə indi UEFA-nın bu tələbini yerinə yetirmək istəmir. Albanlar hətta cəza bahasına da olsa, bütün tribunalara bilet satışı təşkil etmək və komandalarının daha böyük azarkeş dəstəyinə malik olmasına çalışır.
