24 iyul 2013 22:45
Benado: Xəzər Lənkəranla matç bizim üçün asan olmayacaq
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri cavab matçı öncəsi bu gün Lənkəranda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, bunları qeyd edib:
“İlk oyunda 2:0 hesabıyla qalib gəlməyimizə baxmayaraq, Lənkəranda keçiriləcək görüş bizim üçün çətin olacaq. Rəqib çox təhlükəli komandadı. Biz ilk matçda da gördük ki, bir az meydanda boşluq yaradan kimi “Xəzər Lənkəran” bundan istifadə etməyə çalışır. Ona görə də sabah baş tutacaq oyun bizim üçün heç də asan olmayacaq. Rəqibin heyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Çünki bu, etik olaraq düzgün olmazdı. Ümumiyyətlə, “Xəzər Lənkaran” çox güclü rəqibdi. Onlar kollektiv oyun göstərirlər. Sabah mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Lakin yenə deyirəm, bu, heç də bizim üçün asan olmayacaq”.
Benado “Xəzər Lənkəran” rəhbərliyinə yaradılan şəraitə görə təşəkkürünü də bildirib: “Bizi çox yaxşı qoruyurlar”.
