24 iyul 2013 11:15
Simurq Beşiktaşla oyuna hazırdı (FOTOREPORTAJ)
"Simurq" Avstriyanın Tirol bölgəsində davam etdirdiyi yeni mövsümün hazırlıqları çərçivəsində ötən gün bir məşqə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında səhər hazırlığı iki saata yaxın davam edib.
Əvvəlcə gürcü mütəxəssis yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət edib. Bundan sonra isə məşqə start verilib. "İstanbul BB" ilə yoldaşlıq görüşündə 90 dəqiqə forma geyinmiş futbolçular komandadan ayrı, köməkçi məşqçi İqor Getmanın rəhbərliyi altında hazırlaşıblar. Sonda isə öz aralarında qısa ötürmələrlə məşqi tamamlayıblar.
Digər qrup isı fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi alıtnda məşqə fiziki təmrinlərlə başlayıb. Daha sonra isə qısa ötürmələrdən ibarət taktiki çalışmaları yerinə yetiriblər. Hazırlığın sonunda isə Rəşad Eyyubov, Rövşən Əmiraslanov və Salif Ballo Georgi Çixradzenin rəhbərliyi altında qapıya zərbələr üzərində xüsusi məşq edib.
"Simurq" bu gün Bakı vaxtı ilə 21:00-da növbəti yoxlama görüşünə çıxacaq. Komandamızın rəqibi isə xəbər verdiyimiz kimi Türkiyənin ən böyük klublarından olan "Beşiktaş"dı.
