24 iyul 2013 15:12
Bledi Şkembi: Neftçini böyük hesabla da məğlub edə bilərdik
Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Çox şadam ki, qələbə qazanmağı bacardıq. Biz öz arzumuzu gerçəkləşdirdik. İlk dəfə Çempionlar Liqasında mərhələ keçdik. Komandamla qürur duyuram. Biz ürəkdən oynadıq. Bütün komanda üzvləri meydanda tam güclərini qoydular”.
“Əlbəttə, biz məğlubiyyət riski ilə üz-üzəydik. Amma çox diqqətli, maksimum konsentrasiya ilə oynayırdıq. Oyunun əsas vaxtında yaratdığımızdan da çox qol vəziyyəti əlavə vaxtda təsadüf etdi. Bu, hətta məni bir qədər təəccübləndirdi".
Şkembi qeyd edib ki, onun komandası bu oyunda böyük hesabla da qalib gələ bilərmiş: "Əgər əlavə vaxtda ələ düşən həmin fürsətlərdən yararlana bilsəydik, böyük hesabla da qalib gələ bilərdik. Bütün uşaqları bu qələbə münasibətilə təbrik edirəm. Bu, fantastik gecə idi”.
