25 iyul 2013 18:03
Mais Mənsimovdan Xəzər Lənkərana Maccabi ilə oyun öncəsi dəstək və 2 yeni transfer sözü
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində bu gün İsrailin “Maccabi” (Hayfa) klubu ilə cavab oyununa çıxacaq “Xəzər Lənkəran” yaxın günlərdə iki transfer həyata keçirəcək. Azerisport.az xəbər verir ki, bu gün səhər saatlarında klub prezidenti Mais Mənsimovkomandanın baş məşqçisi Con Toşak və bir neçə futbolçu ilə görüşüb.
Görüş zamanı klub prezidenti son zamanlar komandanın zəif çıxış etməsinin səbəbləri ilə maraqlanıb. Baş məşqçi və futbolçular konkret heç bir səbəbin olmadığını dilə gətiriblər. Ardından Mais Mənsimov baş məşqçidən komandaya daha neçə futbolçu lazım olduğunu soruşub. Mənsimov yalnız təkid etdikdən sonra Con Toşak iki yeni futbolçunun adını verib. Klub prezidenti adları çəkilən futbolçuların transferləri üçün çalışmalara başlanmasını tapşırıb.
Görüş bitdikdən sonra komandaya “Sliema” üzərində qazanılan qələbə üçün ayrılan mükafatalar təqdim olunub. Beləliklə klub rəhbərliyi “Maccabi” ilə vacib oyun öncəsi komandaya qarşı qayğıkeşliyini nümayiş etdirib. Bu isə o deməkdi ki, bundan sonrası hər şey futbolçulardan və əlbəttə ki, “Fırtınalar meydanı”nın tribunlarını doluracaq azarkeşlərin komandaya verəcəkləri dəstəkdən asılı olacaq. (12-ci oyunçu)
