27 iyul 2013 18:42
Mais Mənsimov: Rəhbərlik baş verənlərə görə məsuliyyət daşıyır
“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsrail “Maccabi”si (Hayfa) ilə cavab oyunu sonrası baş verənlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, klub prezidenti "Xəzər Lənkəran"ın rəsmi saytına açıqlamasında böyük hesablı məğlubiyyət sonrası atılan addımlar və qarşıda görüləcək işlərə aydınlıq gətirib:
“Xəzər Lənkəran”ın Avropa Liqasında uğradığı məğlubiyyət hamımız üçün üzücü oldu. Klub rəhbərliyi baş verənlərə sözsüz ki, məsuliyyət daşıyır. Hal-hazırda bu məsuliyyətdən irəli gələn tədbirlər təxirə salınmadan həyata keçirilməlidi. Komandaya yönələn bu diqqət və belə bir azarkeş dəstəyi müqabilində alınan uğursuz nəticə günahkarların aşkarlanıb cəzalanmasını tələb edir. “Xəzər Lənkəran”ı ən çətin anlarda tək buraxmayan azarkeşlərimiz qətiyyən buna layiq deyildi. Əminliklə bildirirəm ki, klub rəhbərliyi bu istiqamətdə lazımi nəticələr çıxarmaqla tam ciddiyyəti üzrə tədbirlər görəcək və bu iş tam olaraq mənim nəzarətimdə olacaq”.
