27 iyul 2013 18:53
Simurq bu gün son oyuna çıxıb, vətənə qayıdacaq
2013/14 mövsümünə hazırlıqların üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" artıq məşqləri tamamlayıb. Azerisport.az xəbər verir ki, dünən iki məşqə çıxan komanda bu gün sonuncu yoldaşlıq görüşünü keçirəcək.
Zaqatala təmsilçisinin rəqibi Macarıstanın "Zalaeqerseq" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.
"Sarı-qaralar"ın təlim-məşq planına əsasən "Simurq"un bu günkü rəqibi Türkiyənin "Kayserispor" kollektivi olmalı idi. Ancaq Super Liqa təmsilçisi qarşılaşmanın bir gün tez keçirilməsini istədiyindən bu görüş baş tutmayıb.
Zaqatala klubu Avstriyadakı təlim-məşq toplanışını məhz macarlara qarşı keçirəcəyi oyunla başa vuraraq gecə saatlarında yola çıxacaq. İyulun 28-də axşam saatlarında ölkəyə çatacaq komanda bir günlük istirahətdən sonra Bakı şəhərində yenidən bir araya gələcək və yeni mövsümün ilk turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarına başlayacaq.
Zaqatala şəhər stadionunda yenidənqurma işləri tamamlanmadığından "Simurq" ilk oyununu doğma arenada keçirə bilməyəcək.
