28 iyul 2013 01:13
Simurqun Zalaegerszeg ilə oyununda nələr baş verdi?
Xəbər verdiyimiz kimi, “Simurq” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonunçu yoxlama görüşündə Macarıstan təmsilçisi "Zalaegerszeg"la üz-üzə gəlib. Azerisport.az xəbər verir ki, qarşılaşma komandamızın məskunlaşdığı "Kayser" otelinin stadionunda keçirilib.
Zaqatala təmsilçisi 36-cı dəqiqə Stepan Polyakın cərimə zərbəsindən vurduğu yeganə qol sayəsində oyundan qalib ayrılıb. Görüş gözlənildiyi kimi, “Simurq”un üstünlüyü şəraitində keçib. Artıq 4-cü dəqiqədə Stepanın ötürməsindən sonra Salif Ballo hesabı açmağa yaxın olsa da, malili futbolçunun zərbəsində dəqiqlik çatmayıb. İlk hissənin 12-ci dəqiqəsində isə Ruslan Poladov qol vurmaq üçün gözəl imkan əldə edib. Ancaq kapitan da rəqib qapıçını məğlub edə bilməyib. Bundan 10 dəqiqə sonra Nenadın uzaq məsafədən vurduğu zərbə qapıçıdan qayıtsa da, Ballo bu imkandan yararlana bilməyib. 25-ci dəqiqədə isə rəqib komandanın cərimə zərbəsi qapı tirindən qayıdıb. Bundan sonra daha da diqqətli oynamağa başlayan zaqatalalı futbolçular 36-cı dəqiqədə axtardığı qolu tapıb. Stepan Polyak cərimə zərbəsindən baxımlı qola imza atıb. İlk hissənin sonlarına yaxın komandamız daha bir neçə dəfə hesabı artırmağa yaxın olsa da, bu imkanlardan yararlana bilməyib.
Fasilədən sonra isə baş məşqçi heyətdə dəyişikliyə əl atıb. Hazırda baxışda olan futbolçulara özlərini göstərmək üçün şans verilib. İkinci hissədə "Simurq" üstünlüyünü qorumağa çalışıb. Ancaq rəqib də bir neçə vəziyyətdə hesabı bərabərləşdirmək üçün gözəl şanslar əldə edib. Lakin bunlardan yararlana bilməyiblər. İkinci hissədə komandamız ən real qol vəziyyətini Rövşən Əmiraslanovla yaradıb. Lakin yarımmüdafiəçi Patrikin ötürməsindən faydalana bilməyib. Növbəti dəfə isə Raul Kostinin zərbəsi təhlükəli alınıb. Ancaq rəqibin qapıçısı bu vəziyyətdə yaxşı oynayıb və topun qapıya daxil olmasına imkan verməyib. Nəticədə ikinci hissədə hesabda dəyişiklik olmadı və "Simurq" Avstriyadakı hazırlığı çərçivəsində keçirdiyi sonuncu yoldaşlıq görüşündən qalib ayrılıb.
Bununla yeni mövsümə hazırlığın üçüncü mərhələsinidə başa vuran "Simurq" artıq bətənə qayıdır. Bu gün axşam saatlarında Bakıya çatacaq komanda "Rəvan"la oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.
Simurq: Pavel Kapsa, Tural Axundov (Məhərrəm Hüseynov, 88), Anderson Oliveyra (İsmayıl Bouzid, 46), Ruslan Poladov (Orxan Səfiyaroğlu, 46), İlkin Qırtımov, Dilaver Zrnanoviç (Cerard Aafyes, 46), Stepan Polyak (Rövşən Əmiraslanov, 46), Nenad Kiso (Patrik Osiako, 46), Taqim Novruzov (Raul Kostin, 46), Rəşad Eyyubov (Xose Emilio, 46), Salif Ballo (Draqan Çeran, 46).
