31 iyul 2013 00:07
İngiltərənin ən güclü klubu bu gün Bakıya gəlir
Bu gün İngiltərə Super Liqası yarışlarının 2012-2013-cü il mövsümünün qalibi “Baku United” futzal komandasının üzvləri Azərbaycana gələcəklər. Azerisport.az xəbər verir ki, komandanın Bakıya gəlməsində məqsəd təlim-məşq toplanışını burda keçirməkdi.
Komanda üzvləri 3 həftə ərzində ciddi qrafik əsasında məşq edəcəklər. Bu müddətdə “Baku United” Azərbaycanın peşəkar futzal komandaları olan “Araz”, “Neftçi” və “Ekol”la yoldaşlıq görüşləri də keçirəcək.
“Baku United” İngiltərə çempionu titulunu qazanandan sonra Avropa birinciliyinə ciddi hazırlaşır. Heyətə İngiltərə millisinin dörd oyunçusundan əlavə güclü Portuqaliya yığmasının kapitanı, Avropanın aparıcı klubu olan “Barselona”nın müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya kollektivinin iki üzvü və digər ulduz oyunçular cəlb olunub. “Baku United” komandasının baş məşqçisi Çama Himenez İspaniya futzalı tarixində ən sayılıb seçilən simalardan biri hesab edilir.
“Baku United” komandasının UEFA Kuboku yarışlarında yerləşdiyi B qrupunun oyunları avqustun 28-dən 31-dək Polşada keçiriləcək. İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən, “Baku United” Polşa, Monteneqro və Albaniya komandaları ilə bir qrupa düşüb.
İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatı tərəfindən beş il əvvəl həvəskar bir komanda kimi yaradılan “Baku United” 2012-ci ildə İngiltərə Super Liqasına yüksəlib və çox keçmədən 2012-2013-ci il mövsümündə İngiltərə futzal liqasının qalibi adını qazanıb. İngilis futzalsevərləri hesab edir ki, “Baku United” İngiltərə futzal liqasına qatılandan sonra ölkədə bu idman növündə canlanma yaranıb. Onların fikrincə, komanda İngiltərə futzal liqasının Avropa səviyyəsinə qalxmasına bünövrə yaradıb. Bundan qabaqkı beş mövsümdə ardıcıl olaraq liqanın qalibi eyni komanda – “Helvesia” olmuşdu və həmin komanda İngiltərəni Avropada layiqli yerə çıxara bilmirdi. Buna görə də İngiltərə idman ictimaiyyəti “Baku United”in uğurlarına böyük maraq göstərir.
