31 iyul 2013 00:28
Bakı Madrid Realının sabiq üzvünü alır (FOTO)
Xəbər verdiyimiz kimi, “Bakı” İspaniyanın “Betis” klubunun müdafiəçisi Mario Alversi heyətinə qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, ispaniyalı futbolçunun yaxın günlərdə paytaxt klubu ilə müqavilə imzalaması gözlənilir.
Lakin o, “zolaqlılar”ın almaq istədiyi yeganə ispan futbolçu deyil. Alvareslə yanaşı “Bakı” daha bir tanınmış ispanı heyətinə qatacaq. Bu, mərkəz müdafiəçisi Ruben Qonsales Roşadı. Hər iki futbolçu yeni baş məşqçi Milinko Pantiçin təşəbbüsü ilə ölkəmizə gəlir.
Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan 31 yaşlı Roşa peşəkar karyerasına 2001-ci ildə məhz bu klubun B komandasında başlayıb. 87 oyunda 4 qol vuran müdafiəçi həmin 2006-cı ilədək çıxış etdiyi “Real”ın əsas heyətində də 4 oyuna çıxıb. 2004-cü ildə Ruben Qonsales Almaniyanın “Borussia” (Münhenqladbax) klubuna icarəyə verilsə də, burda cəmi 3 oyun keçirib. 2004-2005 mövsümündə bu futbolçu “Albacete”də də icarə əsasında 22 oyuna çıxıb. 2006-cı ildə isə o, “Racing”ə transfer olunub. Burda 34 oyuna 2 qola imza atan Roşa növbəti ilə “Celta”ya keçib və 2009-cu ilədək 70 qarşılaşmada 1 qol vurub. 2009-2011-ci illər aralığında o, “Mallorca”da çıxış edib (31 oyun, 3 qol). 2011-ci ildən çıxış etdiyi “Osasuna”da isə cəmi 26 oyun keçirib.
Mario Alvares kimi, Roşa da İspaniyanın bir neçə aşağı yaş qrupundan ibarət yığmasında çıxış edib. Belə ki, o, U-16, U-17 , U-18, U-20 və U-21-də forma geyib.
“Bakı”nın bu iki ispan oyunçu ilə yanaşı daha bir braziliyalı futbolçu ilə müqavilə imzalaması gözlənilir. Hələlik adı açıqlanmayan həmin futbolçunun sadəcə son mövsümü Yunanıstan klublarından birində keçirməsi bəllidi.
