30 iyul 2013 15:22
İsveç millisinin sabiq üzvü paytaxt klubunda (FOTO)
“Rəvan” daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu isveçli Sebastyan Kastro-Tellonu sıralarına qatmağa qərar verib.
Qeyd edək ki, bu futbolçu hələ komandanın Sloveniya toplanışı zamanı düşərgəyə dəvət olunmuş, baş məşqçi Ramil Əliyev onu sınaqdan da keçirmişdi. İsveçli futbolçu hətta “Karabükspor”la oyunda meydana çıxıb, bir qol da vurmuşdu.
Məşqçilər korpusu tərəfindən bəyənilən Tello ilə avqustun 1-də müqavilə imzalanacaq. Bu barədə İsveç mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, tərəflər bir illik anlaşmaya imza atacaqlar.
Sebastyan “Rəvan”a İsveçin “Hammarbü” klubundan gəlib. 1998-2006-cı illərdə “Hammarbü TFF”də çıxış edən (31 oyun, 3 qol) 26 yaşlı hücumameylli yarımmüdafiəçi 2006-cı ildən “Hammarbü IF” formasını geyinir (120 oyun, 18 qol).
Kastro-Tello İsveç U-21-nin sabiq üzvüdü. O, 2007-ci ildən sonra yığmada 11 oyun keçirərək 3 qol vurub.
