31 iyul 2013 16:34
Rəşad Abdullayev özünə yeni klub tapdı
“Bakı”nın baş məşqçisi Milinko Pantiç tərəfindən bəyənilməyən və transferə çıxarılan Rəşad Abdullayev özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını digər paytaxt klubu “Rəvan”da davam etdirəcək.
Futbolçunun “zolaqlılar”la müqaviləsi olduğundan, “Rəvan” onu icarəyə götürməli olub. Belə ki, Abdullayev qarşıdakı mövsümü icarə əsasında “aslanlar”ın heyətində keçirməli olacaq.
Tərəflər artıq bütün məsələləri razılaşdırıblar. Bircə müqavilənin imzalanması qalıb ki, onun da qısa zamanda yoluna qoyulacağı bildirilir.
Qeyd edək ki, Rəşad Abdullayev karyerası ərzində "Xəzər Universiteti", "Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ" kimi klubların da şərəfini qoruyub.
