1 avqust 2013 18:10
“İnanıram ki, mövsüm ərzində bunun faydasını görəcəyik”
İyulun 22-dən 30-dək Lökbatan Olimpiya İdman Kompleksinin təlim-məşq mərkəzində seminar keçirilib. Azerisport.az xəbər verir ki, seminarda “Neftçi” PFK və “Neftçi” İSM-in bütün aşağı yaş qrupları üzrə məşqçiləri iştirak ediblər.
“Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyev seminarla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“Neftçi” artıq neçənci dəfədir seminar təşkil edir. Belə seminarların təşkili üçün bütün seminar iştirakçıları adından klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm. Çox faydalı seminar oldu. 7 gün ərzində səhər saat 9-dan axşam saat 7-dək həm nəzəri, həm də praktiki məşqlər keçirildi. “Neftçi” PFK-nın Uşaq və Gənclər Futbol Bölməsinin direktoru Məhərrəm Həsənov və məşqçilər ötən mövsümlə bağlı fikir mübadiləsi apardılar, nöqsanlar və çatışmazlıqlar müzakirə olundu. Məşqçi Kamal Quliyev və fiziki hazırlıq üzrə məşqçi Ruben Selles mühazirə oxuyaraq aşağı yaş qrupları üzrə məşqçilərlə öz biliklərini bölüşdülər. “Neftçi” İSM-dən Akif Məmmədov oyun qaydaları, Kərəm Ağayev isə hakimliklə bağlı çıxışlar etdilər. Qarşıdan yeni mövsüm gəlir. “Neftçi” PFK-nın aşağı yaş qrupları həmişə uğurla çıxış edib. Seminar gələn mövsümə hazırlıq baxımından da çox əhəmiyyətli keçdi. İnanıram ki, mövsüm ərzində bunun faydasını görəcəyik”.
