2 avqust 2013 00:12
Başlayır!
Bu gün Topaz Premyer Liqasında yeni – 2013/14 mövsümünə startı veriləcək. Azerisport.az xəbər verir ki, ilk dəfə 10 komandanın iştirakı ilə 4 dövrədə baş tutacaq çempionatın açılış turunda 5 oyun keçiriləcək.
Çempionatın ilk oyun günündə cəmi bir görüş baş tutacaq. Açılış matçında “Bakı” ilə “Qəbələ” qarşılaşacaq. Bu oyunu həm də iki yeni baş məşqçinin dueli adlandırmaq olar. Belə ki, bu yay həm “Qəbələ”, həm də “Bakı” özünə yeni baş məşqçi gətirdi. Paytaxt klubunu yeni mövsümə serbiyalı Milinko Pantiç, bölgə təmsilçisini isə rusiyalı Yuri Syomin hazırlaşdırıb. Bu iki mütəxəssisin debüt matçının necə alınacağı maraqla gözlənilir. Hər iki komanda yayda çoxlu yeni transferlər həyata keçirib və yeni mövsümə ciddi hazırlaşıb. Odu ki, azarkeşlərin elə ilk oyundaca maraqlı bir qarşılaşma izləyəcəyini güman etmək olar. Bu komandaların 21-ci dueli ərəfəsində “Bakı” böyük üstünlüyə malikdi. Cəmi 4 dəfə uduzan paytaxt futbolçuları öz meydanında yalnız 1 dəfə xalsız qalıb. Daha bir maraqlı məqam ötənilki qarşılaşmalarda meydan sahibi olan tərəfin qələbəyə həsrət qalmasıdı.
İkinci oyun günündə son çempion meydana çıxacaq. “Neftçi” doğma divarlar arasında AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Çempionata baş məşqçisiz başlayan “Neftçi” Çempionlar Liqasındakı gözlənilməz uğurluqdan sonra özünə gəlməyə çalışır. Öncə ötən il bombardiri olmuş Nikolas Kanalesi, bir neçə gün öncə Julius Vobayı itirən paytaxt klubu üstəlik baş məşqçi Böyükağa Hacıyevlə də yollarını ayırıb. Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusunun ümidinə qalan çempion bir neçə yeni transfer həyata keçirsə də, hər halda son mövsümdəki qədər əzəmətli təsir bağışlamır. Bunu Albaniyanın “Skenderbeu” klubu ilə oyunlar da göstərdi. Amma “ağ-qaralar” ÇL-dəki bu uğursuzluğu unutdurmaq üçün çempionat oyunlarında bütün güclərini meydanda qoyub ardıcıl qələbələr qazana bilərlər.
AZAL-a gəlincə, bu komanda ötən mövsümə çox yaxşı başlasa da, sonradan sabit oyun sərgiləyə bilmədi və ilk altılıqdan kənarda qaldı. Düzdü, Vaqif Sadıqovun komandası sonradan özünə gəldi. Lakin bu, ikinci altılığın oyunlarına təsadüf etdi və ardıcıl qələbələr bu komandanın 6-cı pillədən yuxarı çıxmasına imkan vermədi. Bu yay “təyyarəçilər” Franko Nildo, Zohair Benuahi kimi aparıcı oyunçularıyla yanaşı daha bir neçə üzvü ilə yollarını ayırdı. Əvəzində bakılılar yeni oyunçular alıb. Amma komandanın ötən mövsümlə müqayisədə zəiflədiyini və ya gücləndiyini çempionatın gedişatı göstərəcək. Sadəcə bir məqamı vurğulamaq yerinə düşər ki, AZAL bu il yay təlim-məşq toplanışı üçün xaricə getməyən yeganə elita təmsilçisi oldu.
Bütövlükdə isə, mövsümün ilk paytaxt derbisinə qədər 18 dəfə görüşən rəqiblərin duelində “Neftçi”nin üstünlüyü aşkardı. Yubiley – 10-cu qələbəsini hədəfləyən çempion son 3 oyunda rəqibinə xal verməyib. “Ağ-qaralar”ın son 4 ev oyununda da qonaqlar xal görməyiblər.
Şənbə günü daha bir görüş “Simurq”la “Rəvan” arasında baş tutacaq. Zaqatala şəhər stadionunda təmir işləri aparıldığından bölgə təmsilçisi bakılıları Qəbələdə qəbul edəcək. “Simurq” heç vaxt uduzmadığı bu rəqiblə 7-ci dəfə qarşılaşacaq. Maraqlıdı ki, ötən mövsüm zaqatalalılar paytaxt futbolçularına xal da verməyiblər. Bu dəfə necə olacağı maraq doğurur. Hər halda həm Georgi Çixradzenin, həm də Ramil Əliyevin komandası yeni mövsüm öncəsi yaxşı təlim-məşq toplanışı keçirib, xeyli transferlər edib. Mövsüm öncəsi hazırlığın hansı komandada daha yaxşı alındığını güman ki, 90 dəqiqənin tamamı az da olsa, göstərəcək.
Qalan görüşlər bazar gününə təsadüf edəcək. Artıq indidən çempionatın aşkar autsayderi hesab olunan “Sumqayıt” “Xəzər Lənkəran”ı qəbul edəcək. Sumqayıtlılar bu yay almaniyalı Bernard Raabla yollarını ayırdıqlarından komandaya yeni mövsümdə Aqil Məmmədov başçılıq edəcək. Onun ilk rəsmi debütü isə dünya şöhrətli mütəxəssis Con Toşakın yaralı aslandan fərqlənməyən komandası ilə görüşə təsadüf edəcək. Lənkəran klubu bu yay avrokuboklarda uğur qazana bilməməsi azmış kimi, çox biabırçı bir məğlubiyyətlə üzləşdi. Heyətində xeyli dəyişikliklər baş verən “ağ-yaşıllar”ın çempionata nə dərəcədə yaxşı köklənə bildiyini hər halda “Sumqayıt”la oyun az da olsa, üzə çıxaracaq. Bütövlükdə isə, “Sumqayıt”la oyunlarda “Xəzər Lənkəran”ın cüzi üstünlüyü var. Lakin cənublular son 4 matçda qalib gələ bilmir. Hətta son 2 oyunda sumqayıtlılar qapısını toxunulmaz saxlamağı da bacarıblar.
Turun son oyununda isə bu mövsüm avrokuboklarda çıxış etmiş iki komandamız üz-üzə gələcək. Artıq mübarizəni dayandırmış “İnter” qitə arenasında tək qalan təmsilçimiz “Qarabağ”ı qəbul edəcək. Turun mərkəzi oyununda görüşəcək rəqiblər indiyədək 35 dəfə üz-üzə gəliblər. Bu matçlarda “Qarabağ” böyük üstünlüyə malikdi. Son 11 matçda qələbə qazana bilməyən “İnter” bu müddətdə 6 dəfə uduzmaqla üstünlüyün ağdamlılara keçməsinə imkan verib. Bakılılar ev oyununda yubiley - 10-cu qələbəsini qazanmaqla 1058 günlük həsrətə son qoya bilər. Bu mənada ağdamlıların yorğunluğu “bankirlər”in lehinədi. Amma paytaxt klubu ötən mövsüm olduğu kimi, bu il də hücumda çox dişsiz görünür. Hər halda turun mərkəzi qarşılaşması ən maraqla gözlənilən oyunlardan biridi.
Topaz Premyer Liqası
1-ci tur
2 avqust
18:30. Bakı – Qəbələ
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
3 avqust
18:30. Simurq – Rəvan
Qəbələ. Şəhər stadionu.
20:00. Neftçi – AZAL
Bakı. “Baksel Arena”.
4 avqust
18:30. Sumqayıt – Xəzər Lənkəran
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
20:00. İnter – Qarabağ
Bakı. “Şəfa” stadionu.
