2 avqust 2013 00:24
Per Olsson: Bakıda daha yaxşı nəticəyə imza atdıq, nəinki Kiprdə
İsveçin “Gefle” klubunun baş məşqçisi Per Olsson Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları görüşdən sonra öncə bunları dilə gətirib:
- Bu, klassik səfər oyunu idi. Biz heç-heçə etməyə çox yaxın idik. Amma sonda bir qol buraxdıq. Yaxşı komandaya qarşı oynadıq. Qol buraxandan sonra artıq başa düşdük ki, buna cavab verə bilməyəcəyik. Düzdü, müdafiədə çox yaxşı oynadıq. Lakin hücumla bağlı eyni sözləri deyə bilmərəm.
- Siz Bakıya qələbə qazanmaq üçün gəldiyinizi demişdiniz. Amma bu oyun tam fərqli görüntü yaratdı. Siz bütün oyunboyu müdafiə olundunuz, ancaq “Qarabağ” hücum etdi...
- Biz bura yaxşı oyun sərgiləməyə gəlmişdik. Məni ən çox narazı salan məqam ilk hissədəki qol epizodunu boşa verməyimiz oldu. Öncədən də çətin olacağını bilirdik. Amma hər halda mən bura heç-heçə üçün gəldiyimizi deyə bilməzdim. “Anorthosis”lə səfər matçında açıq futbol oynadıq, üç qol buraxdıq. Bu dəfə isə eyni səhvi təkrarlamaq istəmirdik.
- “Qarabağ” barədə fikirləriniz dəyişməyib?
- Mən oyundan öncə yalnız Reynaldo və Almeydanı fərqləndirmişdim. Çünki “Qarabağ”ın bütün oyunçularını yaxşı tanımırdım. Lakin bu oyun göstərdi ki, komandada yaxşı ifaçılar çoxdu. “Qarabağ” kollektiv oyun sərgiləyir.
- Evdə “Qarabağ”a qarşı necə oynayacaqsız? Mərhələ keçmək şanslarınız barədə nə deyə bilərsiz?
- Futbolda hər şey olur. Bütün oyunlar bir-birindən fərqlənir. Hər halda biz Bakıda Kiprdəkindən daha yaxşı nəticəyə nail olduq. Deməli, ev oyununda nəticəni xeyrimizə dəyişmək şanslarımız yüksəkdi.
- Futbolda hər şey olur. Bütün oyunlar bir-birindən fərqlənir. Hər halda biz Bakıda Kiprdəkindən daha yaxşı nəticəyə nail olduq. Deməli, ev oyununda nəticəni xeyrimizə dəyişmək şanslarımız yüksəkdi.
Mətbuat konfransının sonunda Olsson azarkeşlərə və jurnalistlərə təşəkkürünü bildirməyi də unutmadı.
