5 avqust 2013 11:05
Yeni mövsümün ilk böyük qalmaqalı (FOTOREPORTAJ)
Topaz Premyer Liqasının yeni mövsümünün ilk turu ciddi bir qalmaqalla yadda qaldı. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda keçirilən “İnter” – “Qarabağ” oyununun sonlarında böyük gərginlik yaşandı.
Belə ki, qarşılaşmanın başa çatmasına 5-6 dəqiqə qalmış “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda rəqib komandanın müdafiəçisi Brüs Abdulayla toqquşdu. Bu zaman başından çox ciddi zərbə alan braziliyalı futbolçu xeyli müddət özünə gələ bilmədi. Onun özündən getməsi isə hər iki komandanın üzvlərini təlaşlandırdı və onlar dərhal həkimləri köməyə çağırmağa başladılar.
Lakin bu zaman baş hakim Rəhim Həsənov həkimlərin meydana çıxmasına dərhal icazə vermədi. Nəticədə həm futbolçular arasında gərginlik yarandı, həm də “Qarabağ”ın məşqçilər korpusu hakimə ciddi şəkildə etiraz etməyə başladılar. Hətta baş məşqçi Qurban Qurbanov meydançaya daxil olmaqdan və etirazını sərt şəkildə bildirməkdən də çəkinmədi.
Həsənov müəyyən etirazlardan və zamandan sonra nəhayət həkimlərin meydana çıxmasına imkan verdi və Riçardın həyati durumunun qorxulu olmadığı müəyyənləşdi. Lakin bu zaman referi heç kimin gözləmədiyi halda baş məşqçi Qurbanova qırmızı vərəqə göstərdi və onu texniki zonadan kənarlaşdırdı. Görünür bu hakim belə hesab edir ki, hansısa futbolçu hətta huşunu itirib özündən getdiyi halda da heç kim həkimi köməyə çağırmamalıdı və hamı sakitcə onun qəbul edəcəyi qərarları gözləməlidi. Həsənovun növbəti kobud səhvi onun sözügedən epizod zamanı oyunu özü dayandırdığı halda ara sakitləşəndən sonra cərimə zərbəsi təyin etməsi oldu.
Əldə etdiyimiz məlumata görə, Almeydanın vəziyyəti hazırda çox yaxşıdı. Onun Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveç “Gefle”si ilə oyunda meydana çıxması istisna deyil. Dünənki oyundan sonra bu hadisənin əsas səbəbkarlarından olan Brüs Abdulay da “Qarabağ”ın paltardəyişmə otağına yollanıb və Riçarddan üzr istəyib. Nəticədə onun bu üzrü qəbul olunub.
Daha bir maraqlı məqam isə hakimlərin Qurban Qurbanovun texniki zonadan qovulmasını matçın protokoluna qeyd etməməsidi.
