6 avqust 2013 17:42
15 oyunluq seriyaya son!
"Rəvan” Topaz Prenyer Liqasının 2013/14 mövsümünə məğlubiyyətlə başladı. Azerisport.az xəbər verir ki, Zaqatalada stadionun təmiri tam başa çatmadığından "Simurq” ilə Qəbələ şəhər stadionunda görüşən bu komanda 0:2 hesabı ilə uduzdu.
Ümumiyyətlə, "aslanlar” üçün start hər zaman bir qədər çətin olur. Bunu tarixə nəzər salanda da görmək olar. Belə ki, ikisi birinci divizionda olmaqla 5-ci mövsümə start verən paytaxt təmsilçisi yalnız 1 halda çempionata 3 xalla başlayıb: 2010/11 mövsümünün ilk oyununda sentyabrın 4-də "Göyəzən”i səfərdə məğlub etməyi (2:0) bacaran bakılılar qalan 4 mövsümün ikisində heç-heçə, ikisində isə yenilgi ilə başlayıb. Amma qol vurmadan mövsümə başlamaq ilk dəfədi.
Elə Qəbələdəki məğlubiyyət də ilk dəfə baş verdi. Belə ki, buna qədər eyniadlı şəhərin komandası ilə 2 dəfə qonaq meydanında qarşılaşan “Rəvan” 2011/12 mövsümündə 3:2, ötən "futbol ili”ndə isə 3:1 hesablı qələbə əldə edərək 3 xalı 3 qolla qazanmışdı. Bu dəfə isə nə qol oldu, nə də xal...
Elə bu qolsuzluq da seriyanın qırılmasına səbəb oldu. Axı “Rəvan” ötən mövsümdə 17-ci turdan etibarən sona kimi bütün oyunlarda (18-ci turdakı texniki məğlubiyyət nəzərə alınmır) ən azı 1 qol vurmuşdu. Bu isə ümumilkdə 15 oyun edirdi. Lakin Qəbələdə "Simurq”un qapısına yol tapa bilməyən “aslanlar” 10 dekabr 2012-ci il tarixindən sonra ilk dəfə meydanı qolsuz tərk etdi. (klub saytı)
