8 avqust 2013 00:18
Vaqif Sadıqov: Qarabağ bizim ümidlərimizi doğruldacaq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov “Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Riçard Almeydanın yoxluğu “Qarabağ” üçün böyük itkidi. O, liderlik keyfiyyətləri ilə seçilir, oyuna parlaqlıq gətirir. Amma mən həmişə demişəm ki, “Qarabağ” özünəməxsus komanda ruhu ilə seçilir. Fikrimcə, onlar bu oyunda da əllərindən gələni edəcəklər ki, Almeydanın yoxluğu hiss olunmasın. Çox ağır olacaq. “Gefle” evdə yəqin ki, hücum futbolu sərgiləyəcək. Lakin “Qarabağ” Bakıda olduğu kimi, səfərdə də oyuna diqtə etməyə çalışmalıdı. Sabah biz hamımız “Qarabağ”a azarkeşlik edəcəyik. Çünki ağdamlılar avrokuboklardakı yeganə təmsilçimizdi. Fikrimcə, onlar bizim ümidlərimizi doğruldacaqlar. Hələ ilk oyunda hiss olunurdu ki, “Qarabağ” səviyyəcə daha yüksəkdi. Əsas odu ki, psixoloji cəhətdən komanda daha yaxşı hazırlıqlı olsun”.
