8 avqust 2013 18:18
“Gefle kimi komandalara qarşı oynamaq həmişə çətin olur”
“Qarabağ”ın forvardı Corc Leroy Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. İlk oyunla müqayisədə bu dəfə işimiz daha çətin olacaq. Halbuki, ev oyununda 2 və ya 3 cavabsız qolla qələbə qazansaydıq, hər şey tam fərqli də ola bilərdi. Sadəcə, ələ düşən şanslardan yaxşı yararlana bilmədik. İndi növbəti mərhələyə adlamaq üçün mütləq səfərdə qol vurmalıyıq. Bəlkə də, belə olması bizim üçün daha yaxşıdı. Çünki komandada heç bir arxayınlıq yoxdu”.
Bakıdakı oyundan danışarkən Leroy daha son bunları qeyd edib: “Biz Bakıda çox yaxşı oynadıq. Fikrimcə, bu, yeni mövsümdəki ən yaxşı oyunumuz idi. Baxmayaraq ki, ən çətin matçımız Polşa “Piast”ı ilə səfər oyunumuz olmuşdu. Elə “Gefle” ilə görüşdə də belə olacaq. Çünki belə komandalara qarşı oynamaq həmişə çətin olur”.
26 yaşlı futbolçu hələlik Avroliqanın qrup mərhələsi barədə düşünməyin gərəksiz olduğunu düşünür: “Əlbəttə, biz Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilərik. Amma indi yalnız “Gefle” ilə oyunu düşünməyimiz lazımdı. Mənə elə gəlir ki, çox uzağa baxmaq bizə fayda gətirməz”.
Corc Azərbaycan çempionatındakı debüt matçından da danışıb və “İnter” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib: “Yaxşı oyun oldu. Optimal heyətlə oynamasaq da, qələbə qazana bildik. Əlbəttə, bu oyunda qol vurmağım xoş idi. Amma mənim üçün rəqib qapısına kimin qol vurmasının fərqi yoxdu. Əsas komandanın qələbə qazanmasıdı. Komandama faydalı olmaq istəyirəm. Mən hələ tam yaxşı formada deyiləm. Daha yaxşı oynamağım üçün vaxt lazımdı”,
“Qarabağ”ın hücumçusu komandasının yeni mövsümdə böyük uğurlar qazanacağına inanır: “Bizim Azərbaycan çempionu olmaq üçün yaxşı şansımız var. 3-4 aydan sonra hamı bizim əsl gücümüzü görəcək. Düzünü desəm, Premyer Liqanın digər komandaları barədə heç nə bilmirəm. Mənim üçün əsas öz komandamın uğurlu çıxışıdı”.
