10 avqust 2013 00:06
Topaz Premyer Liqasında 2-ci tur həyacanı
Bu gün və sabah Topaz Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 2 gün ərzində baş tutacaq 5 oyundan 3-ü paytaxtda, digər ikisi kənarda keçiriləcək.
Tura paytaxt derbisi ilə start veriləcək. AZAL öz meydanında “Bakı” ilə qarşılaşacaq. Bu oyunu həm də mövsümün açılış turunda məğlub olmuş iki komandanın dueli kimi qiymətləndirmək olar. Vaqif Sadıqovun komandası “Neftçi”yə, Milinko Pantiçli “zolaqlılar” isə “Qəbələ”yə məğlubiyyəti unutdurmağa çalışacaq. Bakı klublarının 19-cu dueli ərəfəsində paytaxtın eyniadlı təmsilçisi yalnız top fərqində öndədi. Rəqiblərin son 3 ilə təsadüf edən 7 matçında qonaq qismində meydana çıxan tərəf qalib gələ bilmir. Bütövlükdə isə hər iki komandanın 7 qələbəsi olduğu halda, 4 görüşdə də heç-heçə qeydə alınıb. Ötən mövsüm bu iki komanda arasında cəmi 2 qarşılaşma baş tutmuşdu ki, onlarda da meydan sahibi olan kollektivlər qələbəyə sevinib.
İlk oyun gününün digər görüşündə də iki paytaxt təmsilçisi üz-üzə gələcək. Bunlardan biri mövsümə uğursuz başlayan “Rəvan”, digəri isə son çempion və yeni mövsümün açılış turunda AZAL üzərində darmadağına sevinən “Neftçi”di. 5-ci paytaxt derbisinə “Neftçi” üstünlüklə çıxacaq. “Ağ-qaralar” tarixi ərzində bu komanda üzərində 3 qələbəyə sevinib. Bu komandaların görüşlərində maraqlı bir tendensiya var: qol vuran tərəf qalib gəlir. Yəni əvvəlki oyunların hər birində yalnız 1 komanda fərqlənib. Son 3 dueldə isə meydan sahibləri qalib gəlir. Bu mənada ötən mövsüm “Rəvan”ın “Neftçi”ni öz meydanında 2 cavabsız qolla məğlub etdiyi oyun hələ də yaddaşlardadı.
İkinci oyun gününə Qəbələdə start veriləcək. Burda ilk turda “Bakı”nı məğlub etmiş Yuri Syominin komandası “Qarabağ”a uduzmuş “İnter”i qəbul edəcək. “Qəbələ” doğma azarkeşləri önündəki ilk oyununda növbəti qələbəsini qazanmaqla yüz faizli göstəriciyə imza atmağa çalışacaq. Amma Bakı klubu da səfərə məğlub olmaq üçün getməyib. Hər halda “bankirlər” yeni mövsümdə ilk xal və ya xallarını qazanmaq iddiasındadılar. Bakılılar 21-ci dəfə qarşılaşacağı “Qəbələ” ilə matçlarda böyük üstünlüyə malikdilər. 11 dəfə bu rəqibini məğlub edən “İnter” 3 dəfə məğlub olub. Tərəflərin 6 oyununda isə qalib müəyyənləşməyib. “İnter”in son 3 oyunda ardıcıl qələbələr qazandığını da əlavə edək.
Mövsümə fərqli nəticələrlə başlayan komandaların daha bir dueli Lənkəranda baş tutacaq. Burda “Sumqayıt”la heç-heçə etmiş “Xəzər Lənkəran” “Simurq”u qəbul edəcək. Zaqatala klubu ilk turda “Rəvan” üzərində qazandığı qələbənin davamını gətirməyə çalışacaq. Amma bu, heç də asan olmayacaq. Çünki 15-ci dəfə qarşılaşacaq komandaların görüşündə “Xəzər Lənkəran”ın böyük üstünlüyü var. Düzdü, cənublular son 3 matçda qalib gələ bilmir və sonuncu dəfə2 il əvvəl qələbə sevinci yaşayıblar. 5 dəfə heç-heçəyə razılaşan tərəflərin duellərində “Xəzər Lənkəran”ın 8 qələbəsi var. “Simurq” isə bu rəqibi üzərində cəmi bir dəfə qələbə qazana bilib ki, o da ötən mövsümə təsadüf edir.
Avropa Liqasındakı çıxışını davam etdirən “Qarabağ”ı bu tur “Sumqayıt”la duel gözləyir. Ağdam klubu “İnter” üzərindəki qələbənin davamını gətirmək iddiasındadı. “Sumqayıt” isə uzaqbaşı iddialı rəqibindən xal almaq barədə düşünə bilər. Debüt mövsümündə bu rəqibinə əsl başağrı olan, bir oyunda heç-heçə edib, birində qalib gələn sumqayıtlılar son mövsümdə həmin uğurun davamını gətirə bilmədilər. Əksinə, “Qarabağ” bir oyunda 6, digərində 3 qol vuraraq, həmin uğursuzluqların əvəzini çıxmış oldu. Güman ki, Ağdam klubu bu dəfə də Aqil Məmmədovun komandasını ciddiyə alacaq və autsayderlə görüşdə xal itirməməyə çalışacaq.
Topaz Premyer Liqası
2-ci tur
10 avqust
19:00. AZAL - Bakı
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. AZAL Arena.
21:00. Rəvan - Neftçi
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. Bayıl Arena.
11 avqust
18:00. Qəbələ - İnter
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ şəhər stadionu.
20:00. Xəzər Lənkəran - Simurq
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran şəhər stadionu.
20:00. Qarabağ - Sumqayıt
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
