10 avqust 2013 00:17
Aslan Kərimov: Eintrachtla oyunlar futbolçularımızın özlərini göstərməsi üçün bir şansdı
“Qarabağ”ın sabiq kapitanı, Azərbaycanın U-16 yığmasının baş məşqçisi Aslan Kərimov Ağdam klubunun Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Almaniya “Eintracht”ı barədə ilk fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Qarabağ”a çox çətin rəqib düşdü. Ümumiyyətlə, bizim Almaniya komandaları ilə qarşılaşmalarımız çox çətin alınır. Baxmayaraq ki, biz özümüz də məhz Almaniya futbolundan təcrübə toplamağa çalışırıq. Əgər “Eintracht” Bundesliqada “Bayern”, “Borussia” (Dortmund) kimi komandalarla birgə avrokuboklara vəsiqə qazanıbsa, deməli, güclüdü. “Borussia” ilə oyunlarımızın necə ağır keçdiyi yadımdadı. Amma həmin dövrlə müqayisədə “Qarabağ” indi daha böyük təcrübəyə malikdi. Komandanın heyətində Avropa səviyyəli futbolçuların da sayı çoxalıb. Bu, futbolçular üçün də özlərini göstərmək imkanıdı. Təkcə azərbaycanlı yox, həm də legioner futbolçular üçün”.
