10 avqust 2013 00:50
İnter Galatasarayla oynamaq şansı əldə etdi
2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudu.
Bu il ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” yarışında Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək.
Ayın 12-də komandamız Antalyaya yollanacaq. Həmin axşam turnirin püşkatma mərasimi baş tutacaq və 6 klub 2 qrupa bölünəcək. Yarış ayın 13-dən 16-na kimi davam edəcək.
Qeyd edək ki, "İnter"dən başqa Antalyadakı təsnifat turnirində Türkiyənin “Galatasaray” və “Antalyaspor”, Bolqarıstanın “Slavia”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” (Tiflis) komandaları mübarizə aparacaq.
Əlavə edək ki, baş məşqçi Vaqif Hidayətovun komandası turnirə 16 futbolçu ilə yollanacaq.
Turnirin final mərhələsinə Antalyadakı yarışın bir qalibi yollanacaq. Türkiyədəki turnirdə öz qruplarında 2-ci və 3-cü yeri tutmuş komandalar isə təsəlliverici yerlər uğrunda mübarizə aparacaq.
Antalyadakı yarışın rəsmi şəxsi tanınmış türkiyəli futbolçu Rüştü Rəncbər olacaq.
