9 avqust 2013 16:14
Qarabağın pley-offdakı rəqibi bəlli oldu: Eintracht Bakıya gəlir!
Bu gün futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacağı rəqibini tanıyıb.
Qeyd edək ki, pley-off mərhələsində bütövlükdə 62 klub iştirak edəcək. Onlardan 18-i mübarizəyə birbaşa bu mərhələdən mübarizəyə qoşulan komandalardı. 29 iştirakçı Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləridi. Qalan 15 iştirakçı isə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində məğlub olan kollektivlərdi.
“Qarabağ” pley-off mərhələsinin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer almışdı. Bu üzdən də təmsilçimizin bəxtinə “səpələnmişlər”in sırasında yer alan çox güclü rəqiblərdən biri düşəcəkdi. UEFA püşkatmadan bir neçə saat öncə ənənəsinə sadiq qalaraq iştirakçıları müəyyən amillər və reytinq xalları nəzərə alınmaqla bəzi müxtəlif ayırmışdı. Belədə “Qarabağ”ın da yekun potensial rəqiblərinin kimliyi bəlliydi. Bunlar "Sevilla", "Standard", "Eintracht", "Salzburg" və "Nordsjelland" klublarıydı. Hansı ki, hər biri çox ciddi rəqib idi.
Püşkatma nəticəsində isə komandamızın bəxtinə “Eintracht” düşdü. Ağdam klubu bu rəqibi ilə ilk matçını evdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra səfərdə olacaq ki, komandamızın bu baxımdan da bəxtinin gətirmədiyini demək olar. Hər halda cavab görüşünü evdə keçirmək baxımından da üstünlük almanların tərəfində olacaq. Amma ümid edək ki, "Qarabağ" pley-offda da azərbaycanlı futbolsevərlərin ümidlərini doğrulda biləcək.
Pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra - ayın 29-da keçiriləcək.
