9 avqust 2013 17:44
Eintracht: Qarabağ üçün 114 yaşlı çox təhlükəli rəqib
Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi “Qarabağ”ın bu turnirin pley-off mərhələsindəki rəqibi müəyyənləşdi. Azerisport.az xəbər verir ki, təmsilçimiz qrup mərhələsinə vəsiqə uğurunda Almaniyanın “Eintracht” klubu ilə qarşılaşacaq.
“Eintracht” Futbol Klubu 1899-cu ildə, martın 8-də Frankfurt şəhərində yaradılıb. Almaniya futbolunun önəmli klublarından biri olan 114 yaşlı Frankfurt təmsilçisi Bundesliqanın qurucularından biridi. 1959-ci ildə çempion olan komanda 1991/92 mövsümündə çempionluğu son anda “Stuttgart”a güzəştə getməli olub. “Eintracht” tarixi ərzində 4 dəfə Almaniya Kubokunu qazanıb – 1974, 1975, 1981, 1988. Frankfurt klubu 1995/96, 2000/01, 2003/04 və 2010/11 mövsümlərində uğursuz çıxış edərək ikinci Bundesliqaya düşsə də, sonradan yenidən yüksək liqaya qayıda bilib. Komanda son mövsümdə 6-cı pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
“Qarağağ”ın rəqibinin Avropada da uğurları yetərincədi. 1980-ci ildə komanda UEFA Kubokunun qalibi olub. Həmin vaxt finalda Münhenqladbax “Borussia”sı ilə qarşılaşan Frankfurt təmsilçisi iki oyunun nəticəsinə görə rəqibindən üstün olub (2:3, 1:0). 1967-ci ildə İntertoto Kubokunun finalında Slovakiyanın “İnternasional” klubunu yenən (1:1, 3:2) komanda 1960-cı ildə Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) finalında “Real”a 3:7 hesabı ilə yenilib. “Eintracht” 1976-cı ildə UEFA Kubokunun yarımfinalında, 1978, 1994 və 1995-ci illərdə isə 1/4 finalında oynayıb.
Göründüyü kimi, bu komandanın son illərdə ciddi uğurları olmasa da, əslində "Eintracht" çox təhlükəli rəqibdi. Hər halda bunu komandanın son mövsümdə Bundesliqadakı çıxışı və nəticələri də sübut edir.
“Eintracht” ev oyunlarını “Waldstadion”da keçirir. 51 500 azarkeş tutumuna malik olan stadion 2005-ci ildə imzalanan reklam anlaşmasına əsasən “Commerzbank-Arena” adlanır.
Komandanın baş məşqçisi Armin Fedi. Futbolçu karyerası ərzində “Augsburg”, “Borussia” (Münhenqladbax), “St. Gallen”, “Schwaben Augsburg”, “SpVgg Bayreuth” klublarında oynayan mütəxəssis məşqçiliyə 1990-ci ildə “Augsburg”da başlayıb. Daha sonra ardıcıl olaraq “Greuther Fürth”, “Reutlingen”, “Hansa Rostock”, “Stuttgart”, “Wolfsburg”, “Hamburger” klublarını çalışdıran 52 yaşlı Fe 2011-ci ildən “Eintracht”a başçılıq edir.
“Eintracht”ın kapitanı İsveçrə yığmasının üzvü Pirmin Şveqlerdi. O, 2009-cu ildən bu komandada çıxış edir. 26 yaşlı mərkəz müdafiəçisindən başqa “Eintracht”da Peru, Yaponiya, İspaniya, Xorvatiya, Kot`D-İvuar, Filippin, Braziliya və Türkiyədən olan daha 8 legioner çıxış edir. Onların əksəriyyəti milli komandalarının üzvləridi.
Bütövlükdə, “Eintracht”da aşağıdakı futbolçuların çıxış etdiyini görə bilərik:
Qapıçılar: 1. Kevin Trapp, 30. Feliks Vidvald, 32. Aykut Özer;
Müdafiəçilər: 4. Marco Russ, 5. Karlos Zambrano, 6. Bastian Ocçipka, 17. StefanŞrök, 15. Konstant Dyakpa, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 24. Sebastyan Yanq, 33. Aleksander Hayn, 34. Erik Vill, 36. Marc Oliver;
Yarımmüdafiəçilər: 7. Yan Rozental, 8. Takaşi İnui, 13. Martin Laniq, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 18. Yohannes Flum, 19. Marvin Bakalorz, 20. Sebastiyn Rode, 21. Mark Stendera, 27. Pirmin Şveqler, 28. Sonni Kittel;
Hücumçular: 9. Xoselu, 11. Srdan Lakiç.
Yarımmüdafiəçilər: 7. Yan Rozental, 8. Takaşi İnui, 13. Martin Laniq, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 18. Yohannes Flum, 19. Marvin Bakalorz, 20. Sebastiyn Rode, 21. Mark Stendera, 27. Pirmin Şveqler, 28. Sonni Kittel;
Hücumçular: 9. Xoselu, 11. Srdan Lakiç.
“Qarabağ” bir neçə il öncə Almaniyanın “Borussua” klubu ilə qarşılaşarkən ən ciddi problemlərdən biri rəqibin güclü azarkeş dəstəyinə malik olmasaydı. Dortmund təmsilçisi kimi, “Eintracht” da özünün güclü azarkeş ordusu ilə fərqlənən komandalardandı. Frankfurtluların “12-ci oyunçusu” Ağdam klubu üçün bu dəfə də başağrı ola bilərlər.
“Qarabağ”ın yeni rəqibini artıq sabah iş başında görə biləcəyik. Belə ki, avqustun 10-da “Eintracht” Bundesliqanın ilk turu çərçivəsində yeni mövsümdə birinci rəsmi matçına çıxacaq.. Frankfurtluları “Hertha” ilə qarşılaşma gözləyir.
Qeyd edək ki, “Qarabağ”a “Eintracht” arasındakı ilk oyun avqustun 22-də Bakıda, cavab görüşü isə bir həftə sonra Frankfurtda keçiriləcək.
