12 avqust 2013 12:03
Topaz Premyer Liqasında 2-ci turun məşqçi açıqlamaları
Topaz Premyer Liqasının 2-ci turunun oyunlarından sonra baş məşqçilər öz fikirlərini səsləndiriblər. Azerisport.az həmin açıqlamaların hamısı ilə sizi də tanış edir.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “İlk hissədə komandam, demək olar ki, meydanda yox idi, çox pis oynadıq. Premyer Liqa komandasına yaraşmayan səhvlər buraxdıq. Lakin ikinci hissədə daha yaxşı oynadıq, hesabı bərabərləşdirmək, hətta qələbə qolunu vurmaq üçün şanslarımız oldu. Lakin ilk hissədəki oyunumuz öz sözünü dedi. AZAL-ı qələbə ilə təbrik edirəm”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Hər iki komanda qələbə üçün oynayırdı. Çətin oyun oldu. Komandamın turdan-tura daha yaxşı oynayacağını demişdim. İlk hissədə baxımlı oyun göstərdik. İkinci hissədə isə sarı vərəqə almış oyunçuları əvəzlədim ki, azlıqda qalmayaq. “Neftçi” ilə oyundan sonra bu qələbə bizi sevindirdi. Ehtiyat oyunçu problemimiz var. Növbəti turda “İnter”ə qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq”.
Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Mövsüm yeni başlayıb, hər bir qələbə bizi sevindirir. Komanda qələbə əzmini geri qaytarır. Çempionat 4 dövrəlidir, çatışmazlıqlarımız var. Əvəzetmələrimiz uğurlu oldu. İki mövsümdür ki, “Rəvan”la oyunlarda çətinlik çəkirik. Hələlik qolları Bahodır Nasimov vurur. Lakin Melvin Platyedən də yararlanacağıq. Cənubi amerikalı fubolçularla müqayisədə avropalılar bizim çempionata daha gec uyğunlaşır. Ümid edirəm ki, tezliklə gözlədiyimiz oyunu göstərəcək. Cavid İmamverdiyevi zədə üzündən itirmək istəməzdik. Karlos Kardosonu sınamaq üçün bu gün İqor Mitreskiyə istirahət verdik. Fikrimcə, ilk oyun üçün Kardoso yaxşı təsir bağışladı”.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Bütün Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Oyuna pis başladıq, ilk dəqiqələrdən rəqibə ardıcıl qol epizodları yaratmağa imkan verdik. İlk qoldan sonra oyunu bərabərləşdirə bildik. Əks-hücumlardan yararlana bilmədik. Miloş Adamoviç meydandan qovulduqdan sonra “Neftçi” kimi rəqibə qarşı oynamaq daha da çətinləşdi. Yeni oyunçuların komanda şəklində oynaması üçün zamana ehtiyac var. Qarşıdakı oyunlarda xallar qazanmağa çalışacağıq. İki oyunda ardıcıl məğlubiyyət pis nəticədir”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Qarabağ”ı Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması ilə təbrik edirəm. Bizim üçün çox çətin oyun oldu. Azərbaycanın ən güclü komandasında qarşı oynadıq, müdafiədə çoxlu səhvlər buraxdıq. Komandanın fiziki hazırlığı 60%-dir”.
Elçin Rəhmanov, “Qarabağ” klubunun məşqçisi: “İlk hissə istədiyimiz kimi alınmadı. 2-ci hissədə isə daha yaxşı oynadıq. Vaxtında vurulan qollar oyunun nəticəsində özünü göstərdi. Milli komandanın oyunu ilə əlaqədar olaraq toplanışa çağrılmış oyunçularımıza görə AFFA-ya müraciət etməyəcəyik. Hamımız milli komanda üçün çalışırıq”.
İqor Getman, “Simurq” klubunun məşqçisi: “Oyun qarşılıqlı hücumlarla keçdi. Qələbə qazanmaq istəyirdik, lakin qolsuz heç-heçə ilə kifayətləndik. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hər iki komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Con Benjamin Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyun boyu bir neçə qol imkanımız oldu, lakin istifadə edə bilmədik. Son dəqiqələrdə Orxan Sadıqlının qurtarışı olmasa idi oyunu məğlub da başa vura bilərdik”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Komandamı qələbə ilə təbrik edirəm. Keçən oyunda ilk hissəni yaxşı oynamamışdıq. Bu gün isə hər iki hissədə komanda əla oynadı. Rəqib ilk oyunda məğlub olmuşdu, bu oyuna daha yaxşı hazırlaşmışdılar. Bir daha əzmkar oyuna və qələbəyə görə komandaya təşəkkür edirəm”.
