12 avqust 2013 14:27
“Azərbaycan futbolunu layiqli təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”
Türkiyədə keçiriləcək “The children champion cup Lukoil” turnirində iştirak edəcək “İnter”in U-12 komandasının baş məşqçisi Vaqif Hidayətov turnirlə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, çalışdırıcı turnirə hazırlıq barədə klub saytına danışıb:
“Uşaqlarımız turnirə yaxşı hazırlaşdılar və hazırlıq çərçivəsində bir sıra yoldaşlıq oyunları keçirdilər. Düşünürəm ki, turnirə pis hazırlaşmadıq. Belə səviyyəli turnirdə iştirak etmək çox mətləbdən xəbər verir. Lakin biz yalnız iştirakla kifayətlənmək istəmirik. Komanda yaxşı nəticə əldə etməyi arzulayır, bunun üçün də özümüzü göstərməliyik. Ayın 12-də püşkatma keçiriləcək, bundan sonra qrupda qarşılaşacağımız komandaların adları məlum olacaq. Təsnifat qrup iştirakçıları güclüdü: təkcə “Qalatasaray”ın adını çəkmək kifayətdi. Bilirik ki, bizi asan sınaq gözləmir, ancaq “İnter”i və Azərbaycan futbolunu layiqli təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq. Belə turnirlər uşaqlar üçün çox vacibdir və belə yüksək səviyyəli turnirdə iştirak etmək imkanı yaratdığına görə “İnter” rəhbərliyinə minnətdarlıq etmək istəyirəm”.
Qeyd edək ki, Antalyadakı təsnifat turnirində “İnter”dən başqa Türkiyənin “Qalatasaray” və “Antalyaspor”, Bolqarıstanın “Slaviya”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” (Tiflis) klubları çıxış edəcək.
