12 avqust 2013 14:34
Galatasaray Super Kubok qazandı, gümüş medal aldı
2012/13 mövsümü üçün Türkiyə Super Kubokunun qalibi bəlli olub. Azerisport.az xəbər verir ki, həlledici oyunda son çempion "Galatasaray”la ölkə kubokunun sahibi “Fenerbahçe” üz-üzə gəlib.
Oyun “sarı-qırmızılar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə “cim-bom” tarixində 13-cü dəfə Super Kubokun sahibi olub.
Lakin bu oyundan sonra maraqlı bir qalmaqal yaşanıb. Belə ki, qarşılaşmanın ardından ilk olaraq məğlub olan “Fenerbahçe”nin, daha sonra qalib “Galatarasaray”ın medalları təqdim edilib. Ancaq Super Kubokun medallarının hər iki kluba yanlış təqdim edildiyi məlum olub. Belə ki, “Fənər”in futbolçularına qızıl,”cim-bom”un oyunçularına isə gümüş medalların verildiyi ortaya çıxıb.
Bu səhvin ardından Türkiyə Futbol Federasiyasının (TFF) nümayəndələri medalları klublardan alaraq yenidən düzgün təqdim edəcək.
Türkiyə Super Kuboku
11 avqust
Galatasaray – Fenerbahçe - 1:0
Qol: Droqba, 99 (1:0).
