14 avqust 2013 01:11
Naxçıvan stadionundakı ilk oyunda heç-heçə (FOTOLAR)
Avqustun 13-də “Araz” Birinci Divizionun yeni mövsümü öncəsi daha bir sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, naxçıvanlılar Neftçalanın eyniadlı komandası ilə yoldaşlıq görüşü keçiriblər.
Yeni təmir olunmuş Naxçıvan Muxtar Respublika Stadionunda baş tutan yoldaşlıq görüşü futbol həvəskarlarına oyundan zövq almaq imkanını bəxş edib. Oyunun birinci hissəsində hesab açılmasa da, ikinci hissənin ilk dəqiqələrindən azarkeşlər həyəcanlı dəqiqələr yaşayıblar. Qonaq komanda matçın 60-cı dəqiqəsində Amil Yunanovun zərbəsi ilə hesabı açmağa müvəffəq olub – 1:0. Oyunun 89-cu dəqiqəsində “Neftçala” komandasının futbolçusunun kobud oynaması nəticəsində hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Bu imkandan lazımınca bəhrələnən “Araz” hesaba tarazlıq gətirməyi bacarıb. Komandanın 11 nömrəli oyunçusu Elgün Abbaslı ilk oyundan azarkeşlərinin sevimlisi olmağı bacarıb. Oyunda başqa qol olmadığından matç bu hesabla yekunlaşıb.
Oyun çərçivəsində NAZ LİFAN-320 markalı avtomobili uğrunda lotereya oyunu keçirilib. Lotereya oyununun qalibi isə Naxçıvan şəhər sakini Əsgər Seyidov olub. Xatırladaq ki, yoldaşlıq görüşü olmasına baxmayaraq matçı 4000-dək azarkeş izləyib.
