13 avqust 2013 13:55
“Azərbaycan yığması hər oyunda qələbə qazanmağa çalışmalıdı”
“İnter”in qapıçısı Səlahət Ağayev klub saytına müsahibəsində Premyer Liqanın ikinci turu çərçivəsində “Qəbələ” (3:2) ilə oyun barədə danışıb, Azərbaycan və Malta milli komandaları arasında baş tutacaq yoldaşlıq görüşü haqqında fikirlərini bölüşüb, o cümlədən digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Səlahət, ötən bazar günü “İnter” çempionatda ikinci qarşılaşmasını keçirdi və 2:3 hesabıyla “Qəbələ”yə məğlub oldu. Bu oyun barədə nə deyə bilərsiniz və məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Bizi çox çətin oyun gözlədiyini bilirdik. Ev sahibləri matça fəal başladılar. Sonra biz daha yaxşı oynamağa başladıq və birinci hissənin ortalarında hesabda önə keçdik. Təəssüf ki, fasilədən sonra oyunun gedişi dəyişdi və biz məğlubiyyətə uğradıq. Düşünürəm ki, məşqçinin tapşırıqlarını tam yerinə yetirə bilmədik və bu da məğlubiyyətə gətirib çıxardı.
- “İnter” Premter Liqaya yaxşı başlamadı: 2 oyunda 2 məğlubiyyət…
- Bəli, təəssüf ki, start uğurlu alınmadı. Ancaq hesab edirəm ki, bizim vəziyyəti düzəltmək şansımız var. Növbəti matçlarda “qara zolaq”dan çıxmağa çalışacağıq. Komandamızın böyük potensialı var və nəyə qadir olduğumuzu göstərməliyik.
- Növbəti turda “İnter” AZAL-ı qəbul edəcək. Bu görüş barədə nə düşünürsünüz?
- AZAL yaxşı komandadı. Yayda bu komandanın heyətində bir çox kadr dəyişikliyi oldu. Ancaq komandanı tərk etmiş futbolçuların yerinə yeni oyunçular gəldilər. Buna görə AZAL hələ oyununu axtarır. Ancaq buna baxmayaraq bizə çox çətin olacaq. Bu komandanı məğlub etməyin asan olmayacağını anlayırıq. Lakin yenə təkrar edirəm ki, bizə “qara zolaq”dan çıxmaq lazımdı. Bunun üçün isə qələbə qazanmaq vacibdi.
- Hazırda Azərbaycan milli komandasının düşərgəsindəsiniz və sabah millimizi Malta ilə yoldaşlıq matçı gözləyir...
- Xoşdu ki, məni yenidən milli komandaya dəvət etdilər. Dünən biz ilk məşqi keçirdik, sabah isə bizi Malta ilə yoldaşlıq matçı gözləyir. Məhsuldar oyun sərgiləməyimizi və azarkeşləri sevindirməyimizi istərdim.
- Sizin fikrinizcə, yoldaşlıq matçında nəticə belə vacibdi? Yoxsa yoxlama matçı ilk növbədə oyun keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir?
- Bilirsiniz, istənilən futbolçu istənilən oyuna bir məqsədlə - qələbə qazanmaq üçün çıxmalıdı. Oyunun yoldaşlıq və ya rəsmi xarakter daşıması vacib deyil. Biz həmişə qələbə qazanmağa çalışmalıyıq. Axı qələbə qazanacağımız təqdirdə uşaqlar öz güclərinə inanacaqlar və İsrail ilə matça yaxşı əhval-ruhiyyə ilə yanaşacaqlar. Malta ilə oyun İsrail ilə qarşılaşmaya hazırlıq baxımından çox vacibdi. Bizə yaxşı futbol nümayiş etdirmək və rəqibi məğlub etmək lazımdı. Çox istərdik ki, üçüncü gün azarkeşlər bizi dəstəkləsinlər. Tribunaların güclü dəstəyi futbolçular üçün əlavə motivasiyadı.
- Səndən başqa milliyə daha iki qapıçı - Kamran Ağayev və Anar Nəzirov da dəvət edilib. Bu qapıçılarla rəqabətə hazırsınızmı və üçüncü gün qapıda dayanmaq şansınız yüksəkdirmi?
- Kamran da, Anar da çox təcrübəli futbolçulardı. Hər ikisi əla qapıçılardı. Qapıçı mövqeyində rəqabət çox vacibdi. Qapını mənim qoruyub-qorumayacağımla bağlı konkret heç nə deyə bilmərəm. Bu məsələ baş məşqçinin qərarından asılıdı. Ancaq onu deyə bilərəm ki, çalışdırıcının istənilən qərarına hörmətlə yanaşıram. Əlavə edim ki, qarşıdakı oyuna tam hazır olmağa çalışacağam.
