15 avqust 2013 14:38
Qarabağ – Xəzər Lənkəran: qonaq komanda sindromu
Topaz Premyer Liqasının 3-cü turunun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ötən mövsümün yekunlarına əsasən hər iki klub Avropa Liqasına vəsiqə qazanmışdı.
“Xəzər Lənkəran” 2-ci mərhələdə mübarizəni dayandırsa da, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir. Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə iləbaşa çatdığını görmək olar.
Qeyd edək ki, son dörd qarşılaşmada səfər komandası xal qazana bilmir. “Qarabağ” cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı Marinaldo da Silva (3 qol) və Reynaldo Silvanın (2 qol) aktivindədir. “Xəzər Lənkəran” ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyunda yeni transfer Etame Mbillanın xidmətindən yararlana biləcək. 25 yaşlı kamerunlu hücumçu Türkiyənin “Adanaspor” klubundan transfer olunub və keçmiş komandasının heyətində keçirdiyi 122 oyunda 61 qol vurub. (PFL)
