15 avqust 2013 17:05
Simurq Neftçi ilə oyuna tam heyətlə hazırlaşır
Növbəti turda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən davam edir. Azerisport.az xəbər verir ki, dünən növbəti məşqinə çıxan komanda isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib.
Bundan sonra isə məşqin əsas hissəsinə keçilib. Taktiki və texniki çalışmalar əsasən toplu çalışmalardan ibarət olub. Qısa və uzun ötürmələrdən sonra baş məşqçi Georgi Çixradze yetirmələrini mövqelərinə görə ayırıb. Sonda isə ikitərəfli oyunla məşq tamamlanıb.
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.
Qeyd edək ki, komanda sabahkı məşqini "Neftçi"ylə oynanılacaq stadionda edəcək. "Bakcell Arena"dakı hazırlıqdan sonra "sarı-qaralar" istirahətə çəkilərək, görüşün başlama saatını gözləməyə başlayacaq. Topaz Premyer Liqasının 3-cü turunun açılış oyunu saat 21:00-da start götürəcək.
