16 avqust 2013 13:27
“Qələbə seriyamızı davam etdirmək əzmindəyik”
Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində avqustun 19-da "Qəbələ" səfərdə "Sumqayıt"la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu günə kimi sözügedən rəqibə qarşı keçirilən 4 oyunun nəticəsinə nəzər salsaq, "Sumqayıt"ın "Qəbələ" üçün düşərli rəqib olduğunu söyləyə bilərik: 4 görüş, 4 qələbə.
Ümumilikdə "qırmızı-qaralar" "Gənclik şəhəri" təmsilçisinin qapısından 10 top keçirib ki, bunun da ikisinə Dodo imza atıb. Adışəkilən komanda həm də Dodonun "Qəbələ" forması ilə qapısına yol tapdığı ilk kollektivdi.
Bu mənada "Sumqayıt"ın Dodo üçün xüsusi yaddaqalan rəqib olduğunu söyləmək olar. Futbolçu klub saytına açıqlamasında bu fikri təsdiqləyib:
"Sumqayıt" "Qəbələ" karyeramda qapısına yol tapdığım ilk komandadı. Bu baxımdan sözügedən rəqib və qol xüsusi yadımda qalıb. Ümumiyyətlə, "Sumqayıt"la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldı kı, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq".
Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirib:
"Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi mən də istəyirəm ki, bu matçda fərqlənim. Amma "Qəbələ"nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram kı, kollektiv olaraq növbəti qələbə hədəfimizə nail olacağıq".
