20 avqust 2013 18:33
4-cü turun hazırlığı başladı
“Rəvan” Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “İnter”lə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, dünən bərpaedici məşq keçirilibsə, bu gün futbolçular yenidən yaşıl meydanda çalışmalarını davam etdirib.
“Bayıl Arena”da baş tutan məşqdən öncə son oyundakı acı məğlubiyyətin detalları araşdırıldığından və baş məşqçi Vladislav Qədirov yetirmələrinə ciddi iradını bildirdiyindən hazırlıq həmin səhvlərin aradan qaldırılması üzərində işə həsr olunub. Futbolçularla tək-tək söhbət edən Qədirov onlardan nə tələb etdiyini bir daha oyunçuların diqqətinə çatdırıb. 42 yaşlı mütəxəssis hətta son oyunda buraxılan səhvlərin bir daha təkrarlanmamsı üçün bəzi detalları bir neçə dəfə xüsusi vurğulayıb.
Saat yarımlıq müddəti əhatə edən məşqdə toplu çalışmalara, qapıya zərbələrə, cinah keçidlərinə, hücumların tamamlanması üzərində işə də vaxt ayrılıb.
